Allahşükür Paşazadə Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb

"Qafqaz müsəlmanları dualar edirlər ki, hələ uzun illər Rusiyanın taleyi, onun inkişaf yollarının seçimi həqiqi lider, görkəmli şəxsiyyət, insanların etmadını və dəstəyini qazanmış XXI əsr Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə həvalə edilsin"

Bakı, Tural Səftərov, İnteraz - 16 Dekabr 2013, 14:03

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.

 

İnterAz-ın xəbərinə görə, məktubda deyilir: "Azərbaycan, Qafqaz müsəlmanları və şəxsən öz adımdan Sizi Rusiyanın dövlət bayramı, Konstitusiya günü və Rusiya Federasiyasının əsas Qanunun qəbulunun 20 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Rusiya Federasiyasının Konstitusiyası insanları milli və dini mənsubiyyətinə görə ayırmayan bütün ölkələrə və xalqlara xüsusilə də yaxın qonşuları və strateji müttəfiqləri ilə mehriban qonşuluq münasibətlərində olan demokratik inkişafının möhkəm təməlidir."

 

A.Paşazadə məktubunda qeyd edib ki, Qafqaz müsəlmanları dualar edirlər ki, hələ uzun illər Rusiyanın taleyi, onun inkişaf yollarının seçimi həqiqi lider, görkəmli şəxsiyyət, insanların etmadını və dəstəyini qazanmış XXI əsr Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə həvalə edilsin.

 

"Arzu edirəm ki, Rusiya və Azərbaycan möhtərəm Vladimir Vladimiroviçin və İlham Heydər oğlunun səyləri ilə qarşılıqlı hörmət nümunəsi olan mehriban qonşuluq, strateji əməkdaşlıq münasibətlərin bundan sonra da inkişaf etdirsinlər", deyə QMİ sədri məktubunda bildirib.