"Görüntü yaratmaq cəhdindən uzaq olmaq zamanıdır" - Razi Nurullayev

"Mövcud partiyaların gücləndirilməsi, onların sıralarına yeni simaların gəlməsi, partiyalar arasında müttəfiqliyin yeni mərhələsinin başlanması, Milli Şuranın fəaliyyətinin təmərküzləşməsi və qarşısına qoyduğu planların və missiyanın daha da aydınlaşdırılması zəruridir"

Bakı, Orxan Kərimov, İnteraz - 16 Dekabr 2013, 15:09

Hər zaman məlumatlar yayılır ki, yeni partiya yaradılır. Uğurlar olsun. Amma, zənnimcə, yeni partiya yaratmaqla Azərbaycanın siyasi palitrasını dəyişmək mümkün deyil. 100-ə yaxın partiya var. Başqa mexanizmlər üzərində işləmək vacibdir.

 

İnterAz-ın məlumatına görə, bu fikirləri politoloq Razi Nurullayev öz facebook səhifəsində bildirib.

 

O qeyd edib ki, mövcud partiyaların gücləndirilməsi, onların sıralarına yeni simaların gəlməsi, partiyalar arasında müttəfiqliyin yeni mərhələsinin başlanması, Milli Şuranın fəaliyyətinin təmərküzləşməsi və qarşısına qoyduğu planların və missiyanın daha da aydınlaşdırılması zəruridir.

 

Başımızı qatan xırda işlər çoxdur. Daşımaq üçün çiynimizə götürdüyümüz yük çoxdur. Əməkdaşlıq etdiyimiz qurumlar çoxdur. Danışmağa, müzakirəyə daha çox vaxtımız gedir. Birləşmək istəməyənləri, bizimlə olmaq istəməyənləri inandırmaq zamanımızı çox alır. Özümüz də yoruluruq, xalq da yorulur.

 

Daha mütərəqqi düşünməyə, daha çevik olmağa borcluyuq. Qərarvermə imkanlarımızın daha çevik olmasına ehtiyac var.

 

Mümkün olan işlərin və ideyaların ardınca getmək müqabildir. Bir-birimizin başını mümkün olmayan işlərlə qatmağa nə ehtiyac var?

 

Riskə getməyə ehtiyac var. Doğrunu üzə deməyə cəsarət zamanıdır. Görüntü yaratmaq cəhdindən uzaq olmaq zamanıdır. Real işlər olsun. Qoy az oslun, amma real olsun. Dama-dama gölə çevriləcək.