Ermə­nistana qarşı fəaliyyətin daha yüksək səviyyədə təşkili və gücləndirilməsinə nail olmalıyıq - Eldar Mahmudov

"Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öl­kə rəh­bər­liyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması həmişəki kimi bütün fəaliyyət istiqamətlərimiz üzrə prioritet təşkil edir"

Bakı, Tural Səftərov, İnteraz - 16 Dekabr 2013, 16:38

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasının yaradılmasının 15 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

 

MTN-in İctimai Əlaqələr Mərkəzindən İnterAz-a verilən məlumata görə, mərasimdə əvvəlcə Azərbaycan xüsusi xidmət orqanlarının inkişafında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyulmuş, xatirəsi ehtiramla yad edilib. Sıra meydanına Akademiyanın döyüş bayrağı gətirilib. Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla anılmış, dövlət himni səslənib.

 

Milli təhlükəsizlik naziri Eldar Mahmudov Akademiyanın müəllim-professor heyətini, dinləyiciləri və kursantları ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və onun adını şərəflə daşıyan bu ali təhsil ocağının yaradılmasının 15 illlik yubileyi münasibətilə təbrik edib, bütün şəxsi heyətə Azərbaycan naminə məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

 

Sonra yubiley mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində davam edib. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının yaradılmasının 15 illik yubileyi münasibətilə tədbir iştirakçılarına bir daha təbriklərini çatdıran milli təhlükəsizlik naziri E.Mahmudov müstəqil Azərbaycanın təhlükəsizliyini təmin edəcək peşəkar zabitlərin hazırlanmasında xüsusi əhəmiyyətə malik olan ali təhsil müəssisəsinin yaradılmasının zamanın tələbi olduğunu bildirib.

 

Son illər Milli Təhlü­kə­siz­lik Nazirliyində bütün istiqamətlər üzrə fəaliyyətin uğurlu olduğunu vurğulayan nazir E.Mahmudov kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliy­yət­lə­ri­nə, narkotik vasi­tə­lərin qanunsuz dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya, insan alverinə və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə yüksək nəticələr əldə edildiyini bildirmişdir. Şəxsi heyətin ölkədə dövlətçiliyin və təhlükəsizliyin möhkəmlən­dirilməsi sahəsində ardıcıl fəa­­liy­yətləri bugünkü dinamik inkişafda mühüm rol oynayıb.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öl­kə rəh­bər­liyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması həmişəki kimi bütün fəaliyyət istiqamətlərimiz üzrə prioritet təşkil edir. Biz gələcəkdə təcavüzkar Ermə­nistana qarşı fəaliyyətin daha yüksək səviyyədə təşkili və gücləndirilməsinə nail olmalıyıq.

 

Nazir E.Mahmudov hazrda təhlükəsizlik baxımından dünyada, xüsusən də regionda gedən proseslərə toxunaraq bildirmişdir ki, mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürlərinə, xüsusilə terrorçuluğa, dini ekstremizm və separatçılıq hallarına qarşı mübarizə daim diqqət mərkəzində saxlanılmalıdır. Milli təhlükəsizliyimizə qarşı yönəlmiş çoxsaylı təhdidlərin qarşısının alınması, müxtəlif destruktiv qüvvələrin zərərsizləşdirilməsi sahəsində vəzifələrin artması bizi daha məsuliyyətli və daha çevik olmağa çağırır. Qlobal və regional xarakterli təhdidlə­rin artdığı şə­rait­də milli təhlükəsizliyə cavabdeh orqanlardan getdik­cə daha yüksək peşəkar­lıq, bilik səviyyəsi, məsuliyyət və sayıqlıq tələb edilir. Bu istiqamətdə Heydər Əliyev məktəbi əbədi mayakımızdır. Gənclər yaxşı bilməlidir ki, bizi irəlidə daha məsuliyyətli və böyük işlər gözləyir. Onlar bu vəzifələrin yerinə yetirilməsində yaxından iş­ti­rak etmək üçün bu gün Akademiyada yaradılmış şəraitdən maksimum istifadə etməli, dərin savad və hərtərəfli biliklər almalıdırlar. Milli təhlükəsizlik orqanlarının müasir tələblərə və çağırışlara uyğun təkmilləşməsi, yeniləşməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da uğurla davam etdiriləcək, müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyini təmin edəcək kadrların hazırlanması işinə müstəsna önəm veriləcək.

 

Akademiyanın rəisi, general-leytenant Ziya Yusif-zadə bu xüsusi təyinatlı ali təhsil ocağında təlim və tərbiyə prosesinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə həyata keçirilmiş tədbirlər haqqında ətraflı məlumat verib.

 

Sonra Akademiyanın şəxsi heyətinin Prezident İlham Əliyevə müraciəti qəbul olunub. Müraciət sürəkli alqışlarla qarşılanıb.

 

Təntənəli mərasimin sonunda Akademiyanın yaradılmasının 15 illik yubileyi münasibətilə hazırlanmış "Müqəddəs amalın keşiyində" adlı sənədli film nümayiş olunub.