Daşqın Şikarov Pakistan Milli Assambleyasının Sədri ilə görüşüb

"Pakistan Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəkləyir"

Bakı, Tural Səftərov, İnteraz - 18 Dekabr 2013, 10:16

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Milli Assambleyasının Sədri Sərdar Ayaz Sadıq ilə görüşüb.

 

Səfirlikdən İnterAz-a verilən məlumata əsasən, görüş zamanı D.Şikarov Azərbaycan-Pakistan münasibətlərinin siyasi, iqtisadi, hərbi, mədəni və humanitar  aspektlərindən söz açıb, Pakistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizə verdiyi dəstəyə və Ermənistanı işğalçı siyasəti ilə bağlı bir ölkə kimi tanımadığına görə həmsöhbətinə öz minnətdarlığını bildirib, 01.02.2012-ci və 05.10.2013-cü il tarixlərində Pakistan qanunverici orqanının yuxarı palatası tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbul edilməsi ilə Pakistanın bir daha  ədalət və beynəlxalq hüquq prinsiplərinə sadiqliyini və Azərbaycana olan qardaşlıq münasibətini nümayiş etdirdiyini qeyd edib.

 

D.Şikarov qanunverici orqanlar arasında qarşılıqlı səfərlərin, hər iki parlamentdə dostluq qruplarının fəaliyyətinin təkcə qanunverici orqanlar arasında deyil, həmçinin, xalqlarımız arasında  münasibətlərə müsbət təsir etdiyini bildirib.

 

Bundan başqa, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daxili və xarici siyasətində əldə etdiyi uğurlardan, ölkədə aparılan yenidənqurma işləri və iqtisadi islahatlardan söhbət açılıb.

 

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadıq xalqlarımız arasındakı, tarixi, mədəni və dini oxşarlıqları qeyd edərək, bu bənzərliklərin iki ölkə münasibətlərinin inkişafına töhfə verdiyini bildirib, ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini qeyd edib.

 

İki ölkə arasında iqtisadi əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edən S.A. Sadıq, Azərbaycanla Pakistan arasında enerji, yüngül sənaye, əczaçılıq, kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində əməkdaşlıq imkanlarının vacibiyini bildirib, Pakistanın müdafiə sənayesinin inkişaf etdiyini və bu sahədə Azərbaycanla  əməkdaşlığın səmərəliliyini vurğulayıb.

 

Sonda Pakistan parlamentinin sədri 2012 və 2013-cü illərdə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirtdiyi humanitar yardımlara görə minnətdarlığını bildirib.