Azərbaycan ilə Fransa arasında müdafiə sahəsində sənəd imzalanıb

Fransaya işgüzar səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, admiral Eduard Qiyo ilə də görüşüb

Bakı, Orxan Kərimov, İnteraz - 15 Yanvar 2014, 09:52

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

 

İnterAz-ın məlumatına görə, Fransanın Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətini bu ölkənin müdafiə naziri Jan-İv Le Drian qarşılayıb.

 

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir.Sonra nazirlər arasında görüş olub

 

Z.Həsənov hazırda dövlətlərimizin başçılarının səyləri nəticəsində Azərbaycan-Fransa əlaqələrinin sürətlə inkişaf etdiyini, Parisə rəsmi səfəri çərçivəsində Fransa Müdafiə Nazirliyinin Silahlandırma Baş İdarəsinin, həmçinin hərbi sənaye şirkətinin rəhbərləri ilə səmərəli görüşlər keçirdiyini bildirib.

 

Nazir səfərin ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığa mühüm töhfələr verəcəyinə ümidvar olduğunu qeyd edib.

 

Sonra Azərbaycanın müdafiə naziri fəxri qonaqlar kitabını imzalayıb.General Şarl De Qollun xatirə otağında Zakir Həsənov və Jan-İv Le Drian hər iki ölkənin müvafiq nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında texniki anlaşmaya dair sənədi imzalayıb.

 

Fransaya işgüzar səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, admiral Eduard Qiyo ilə də görüşüb.Görüşdə ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.Nazir Zakir Həsənov Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə də tanış olub.