Avropa Şurası Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini daim müdafiə edib - deputat

"Azərbaycanın bu qurumun üzvü kimi fəaliyyətini uğurla həyata keçirir və qurumla əməkdaşlıq daha da genişlənəcək"

Bakı, Tural Səftərov, İnteraz - 15 Yanvar 2014, 16:20

Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə qurumun tələbləri və üzərinə götürdüyü öhdəliklər çərçivəsində insan hüquqlarının qorunması ilə bağlı bir çox zəruri işlər görəcək.

 

İnterAz xəbər verir ki, bunu SalamNews-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə bildirib.

 

O deyib ki, Azərbaycanın bu qurumun üzvü kimi fəaliyyətini uğurla həyata keçirir və qurumla əməkdaşlıq daha da genişlənəcək. Ölkəmiz sədrlik dövründə Avropa ailəsinin dəyərlərini bölüşməyə çalışacaq: "Azərbaycanın sədrliyi dövründə qurumun diqqətini həll olunmamış münaqişələrə və bunları yaradan problemlərə cəlb etməyə çalışacaq. İstəyimiz odur ki, Avropa Şurasının diqqəti uzun illərdir, doğma torpaqlarından qovulan, Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün və qaçqın vəziyyətində yaşamağa məcbur qalan vətəndaşlarının problemlərinə yönəlsin. Bunları nəzərə alsaq, AŞ-nın qəbul etdiyi qətnamənin yenidən müzakirəyə çıxarılmasına və qurumun diqqətinin Qarabağ münaqişəsinə yönəlməsinə ehtiyac var”.

 

Komitə üzvü vurğulayıb ki, bu qurum Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamədə Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Azərbaycan təkcə beynəlxaq təşkilatlarla deyil, istənilən ölkələrlə əməkdaşlığı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı danışıqlar aparmalı və istənilən formada əməkdaşlıqlar qurmalıdır.

 

Xatırladaq ki, Azərbaycan rotasiya qaydası ilə bu ilin mayından Avropa Şurasının Nazirlər Komitəsində sədrlik edəcək.