İordaniya Parlamentinin Aşağı Palatası Xocalı faciəsinə dair bəyanat qəbul edəcək

Görüşdə qarşı tərəfə məlumat-təbliğat xarakterli əyani vəsait, ölkəmizin mədəni irsini təbliğ edən qiymətli hədiyyələr verilib

Bakı, Tural Səftərov, İnteraz - 17 Yanvar 2014, 10:08

İordaniya Parlamentinin Aşağı Palatası tərəfindən Xocalı faciəsinə dair bəyanatın qəbulu barədə razılıq əldə edilib.

 

İnterAz xəbər verir ki, bu, Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyovun İordaniyanın Qadın Məsələləri üzrə Milli Komissiyasının baş katibi, eyni zamanda, İordaniya Senatının üzvü xanım Asma Xader ilə görüşündə bildirilib.

 

Səfir Sabir Ağabəyov “Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İordaniya Haşimilər Krallığının Qadın Məsələləri üzrə Milli Komissiyası arasında Əməkdaşlıq haqqında Memorandum”un Azərbaycan tərəfindən imzalanmağa hazır olduğunu və sənədi imzalamaq səlahiyyətinin müvafiq komitənin sədri Hicran Hüseynovaya verildiyini qarşı tərəfin diqqətinə çatdırıb.

 

Asma Xader əməkdaşlıq haqqında Memorandumla bağlı dövlətdaxili proseduraların yaxın vaxtlarda tamamlanacağını bildirib.

 

Tərəflər Memorandumun imzalanması üçün yer və tarixin müəyyən edilməsi məqsədilə İordaniya tərəfinin rəy və təkliflərinin yaxın vaxtlarda təqdim edilməsi, İordaniya Senatında fəaliyyət göstərən İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin yeni tərkibinin təsdiqi barədə razılıq əldə edilib. Həmçinin İordaniyanın daxili siyasi və iqtisadi vəziyyəti, Suriya böhranı, ölkədə məskunlaşmış suriyalı qaçqınların durumu və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdə qarşı tərəfə məlumat-təbliğat xarakterli əyani vəsait, ölkəmizin mədəni irsini təbliğ edən qiymətli hədiyyələr verilib.