İranın Azərbaycandakı səfiri 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı bəyanat verib

O, Bakıda törədilən 20 Yanvar hadisəsini pisləyib

Bakı, Tural Səftərov, İnteraz - 17 Yanvar 2014, 17:32

“Günahsız əhalinin qırğına verilməsi, mülki əhaliyə qarşı hücumlar qınanmalıdır. İran beynəlxalq qanunlara söykənərək mülki vətəndaşların qırğınını pisləyir.”

 

İnterAz-ın verdiyi məlumata görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakain 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı verdiyi bəyanatda səsləndirib.

 

O, Bakıda törədilən 20 Yanvar hadisəsini pisləyib: "İran xalqı ağır günlərdə Azərbaycan xalqının yanında olub, onun şad və qəmli günlərini bölüşüb. Din qardaşlarımız olan Azərbaycan xalqının kədərli 20 yanvar hadisəsində şəhid edilənlərin xatirəsini anırıq. Ümid edirik ki, dost və qardaş Azərbaycan daim sülh, dostluq və sabitlik içində olacaq."

 

Səfir bu hadisənin hər il Azərbaycanın şərəfli xalqı tərəfindən anıldığını vurğulayaraq deyib ki, Azərbaycanda istiqlalçı hərəkatların gücləndiyi və sabiq Sovet İttifaqının Qarabağ siyasətinə xalq etirazlarının genişləndiyi bir vaxtda SSRİ-nin qızıl ordusu qoşunları Bakıya yeridildi. Nəticədə 132 nəfər öldürüldü, 744 nəfər yaralandı, 4 nəfər itkin düşdü və 400 nəfər həbs edildi.