Mübarək ayın bəhrəsini görməyin vaxtı çatıb – Ramazanın 28-ci günün duası

Bu günün münacatında insanlara daim Allaha dua etmək tövsiyə olunur...

Bakı, Aytən Əliyeva, İnteraz - 03 Iyun 2019, 09:12

Mübarək ramazan ayı bitdikcə mömin ay ərzində etdiyi ibadətlərin nəticə və bərəsini görməlidir.

 

İnterAz xəbər verir ki, bu gün mübarək ramazan ayının 28-cı günüdür. Artıq il ərzində müstəsna mənəvi fürsət hesab edilən ay bitməkdədir. İmamların kəlamına görə möminin ibadətləri bu ayda qəbul olarsa növbəti şəvval ayında bəndə artıq ibadətinin bəhrəsini tədricən görməyə başlayacaq. Buna görə imamların kəlamında tövsiyə edilir ki, ibadətin sırf həyata keçirilməsi deyil, onun Allah dərgahında qəbul edilməsi diqqət mərkəzində saxlanılmalıdır.

 

Ramazan ayının 28-cı gününün münacatında fərqli mənəvi və ilahi mesajlar verilir ki, onlardan biri də Allah elminin hər şeyə əhatə etməsidir. Bu günün münacatında insanlara daim Allaha dua etmək tövsiyə olunur. Bir insan dua edirsə, bu, digər insanın Allahın nəzərindən qaçması demək deyil. Bu günün münacatında bildirilir ki, Allah birinin razü-niyazını dinləyirsə digər bəndələr onun nəzarətindən kənarda qala bilməz.

 

Ramazan ayının 28-ci gününün duası:

 

"Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən la yəşğəluhu ilhahul-mulihhin."

 

Tərcüməsi:

 

"İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!"

 

Ən çox oxunan