Allahın müqəddəratı ilə razılaşmaq imanın şərtlərindəndir – Ramazanın 13-cü gününün duası

Allah insanların bacarıqlarını, iradəsinin gücünü, əzminin miqdarını və potensiallarını mövcud hadisə ilə bağlı nə qədər zəif olduğunu bilir və baş verəcək hadisələri öz dərgahında müəyyənləşdirir

Bakı. Samid Bağırov, Xəyal Şükür, İnteraz - 30 Iyun 2015, 10:37

“İmanlı olduğunu iddia edən şəxs Allahın müəyyənləşdirdiyi müqəddəratı ilə razılaşmalı, qarşına çıxdığı hadisələrdə səbirli olaraq, Allaha tabe olmalıdır”

 

İnterAz xəbər verir ki, bu gün mübarək Ramazan ayının 13-cü günüdür.

 

Bu gün üçün nəzərdə tutulmuş duada inanclı insana tövsiyə edilir ki, Allahın insan üçün nəzərdə tutduğu müqəddərat məsələsində və baş verən müsibətlərdə səbirli olsun. Belə bir halda küfr edib naşükürlük etmək imanın təməllərini sarsıdan amillərdən hesab edilir. Bu, insanın öz qərarlarını vermək iqtidarında olmasına yaxud müstəqil iradə sahibi olması ilə də ziddiyyət daşımır. Sadəcə olaraq müdrik Allah insanların bacarıqlarını iradəsinin gücünü, əzminin miqdarını və potensiallarını mövcud hadisə ilə bağlı nə qədər zəif olduğunu bilir və baş verəcək hadisələri öz dərgahında müəyyənləşdirir. Belə bir halda insan qarşına çıxacaq hər bir hadisə və müsibətdə səbirli olmağı, onun  yenidən təkrarlanmaması üçün ibrət dərsi götürməlidir.

 

Ramazan ayının 13-cü gününün duası:

 

"Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin". 

 

Tərcüməsi:

 

"İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbirli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı".

 

Ən çox oxunan