Avtomobil ustaları diqqətli olun!

250 manat cərimə edilə bilərsiniz

Bakı, Vüsal Nəbiyev, İnteraz - 05 Sentyabr 2013, 17:09

Hər gün yollarda ağırlıq dərəcələrindən asılı olaraq müxtəlif yol nəqliyyat hadisələri baş verir. Qəzalarda ölən və xəsarət alanlarla yanaşı avtomobillərə də ciddi ziyan dəyir. Bir çox hallarda isə zərərçəkən yalnız avtomobillər olur.

Bölgələrdə daha cox rast gəlinən bu cür qəzalarda hadisəni yol polisindən gizlətmək üçün sürücülər tanış usta axtarışına çıxırlar. Lakin həmin avtomobilləri təmirə qəbul edən ustalar isə diqqətli olmalıdırlar.

Yol nəqliyyat hadisələri zamanı tərəflər öz aralarında razılaşaraq heç bir yerə müraciət etmədən fərdi qaydada fəaliyyət göstərən təmir sexlərinə müraciət edirlər. Qanunvericiliyə görə yol nəqliyyat hadisəsi baş veribsə və həmin qəza zamanı nəqliyyat vasitələrinin banı zədələnibsə bu barədə sürücülər dövlət yol polisinin müvafiq bölmələrinə müraciət etməlidirlər. Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılmalı və hadisə sənədləşdirilərək arayış alınmalıdır. Sürücü isə yalnız bu arayış olduqdan sonra həmin nəqliyyat vasitəsini dəmirçi və ya rəngsaz işlərinin görülməsi üçün emalatxanaya verə bilər. Əgər müvafiq sənəd yoxdursa, o zaman hər iki tərəf, həm sürücü, həm də usta məsuliyyət daşıyır.

Heç bir yerə müraciət etmədən fərdi qaydada fəaliyyət göstərən təmir sexlərinə müraciət etsəniz - banı zədələnmiş nəqliyyat vasitələrini təmirə qəbul etdiklərinə görə təmir sexləri Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinin 158.3 maddəsi ilə məsuliyyət daşıyırlar. Bu səbəbdən də onlar məsulıiyyətə cəlb edilir, inzibati protokol tərtib olunub onlara qarşı cərimə tətbiq olunur. Cərimənin miqdarı 250 manatdır.

Bu cür  hallarda sürücünün daşıdığı məsuliyyətə gəlincə isə inspektor qeyd edib ki, onlar həmin yol nəqliyyat hadisəsini gizlətdiyinə və məsuliyyətdən boyun qaçırdıqlarına görə təkrarən araşdırma aparılıb səbəbinə görə cərimə olunacaqlar.