Gəncədə müəllimlər bir araya gəldilər

Ötən tədris ilində 11-ci sinifini bitirib attestat alan 2.563 nəfər şagirddən 1.981 nəfəri ali məktəblərə sənəd təqdim edib

Bakı, Vüsal Nəbiyev, İnteraz - 05 Sentyabr 2013, 18:00

Gəncədə müəllimlərin sentyabr konfransında bildirilib ki, ötən tədris ilində məktəblərin 11-ci sinifini bitirib attestat alan 2.563 nəfər şagirddən 1.981 nəfəri ali məktəblərə sənəd təqdim edib. Bunların isə 1.069 nəfəri, yəni 54 faizi ali məktəblərə qəbul olub.

Şəhər təhsil idarəsinin rəisi Zakir Hüseyinov konfrans iştirakçılarının nəzərinə çatdırıb ki, daha 32 nəfər xüsusi təyinatlı ali hərbi məktəblərə, 30 nəfər isə Cəmşid Naxçıvanski adına hərbi litseyə qəbul olub. Ən yüksək göstəricilər isə 26 nömrəli məktəb-litseyin, 4, 11, 24, 13,  nömrəli tam orta məktəblərin məzun və pedoqoji kollektivlərinin hesabına qazanılıb. Önəmli olan bir də odur ki, 141 nəfər şagird 500-dən yuxarı bal toplayıb. Onlardan 40 nəfəri 600-dən yuxarı, 17 nəfəri isə 650-dən yuxarı bal toplayaraq daha yüksək nəticələr əldə edib.

Sözsüz ki, bu uğurların qazanılmasında olkənin, o cümlədən Gəncənin təhsil sisteminin əsaslı şəkildə yenidən qurulması, texniki bazasının gücləndirilməsi, müasir laboratoriyaların qurulması və digər amillər mühüm rol oynayır. Təkcə ötən tədris ilində 3, 8, 15, 16, 22, 39, 32 və 43, bu tədris ilində isə 4, 25, 26, 31 və 39 nömrəli tam orta məktəblər, uşaq yaradıcılıq mərkəzi, 3 nömrəli peşə məktəbi və 1 nömrəli peşə litseyi tamamilə yenidən qurulub.

Əlbəttə bu gün qürur duyulan uğurlar ötən illərlə müqaysədə xeyli fərqlidir. Lakin attestat alan 2.563 nəfər şagird nisbətində, yəni 54 faiz göstərici hələ çox işlərin görülməsini zəruri edir. Elə etmək lazımdır ki, şagird hərtərəfli biliyə yalnız məktəblərin pedoqoji kollektivlərinin səyi, biliyi və bacarığı nəticəsində əldə etsin.