Elmin inkişafı fondu, Rabitə və İnformasiya Nazirliyi birgə müsabiqəyə start verib

Müsabiqə üçün layihələrin qəbulu 6 sentyabr-7 oktyabr tarixində qəbul ediləcək

Bakı, Vüsal Nəbiyev, İnteraz - 06 Sentyabr 2013, 10:30

Elmin İnkişafı fondu və Rabitə və İnformasiya texnologiyaları nazirliyi İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə birgə qrant müsabiqə elan edib. Müsabiqə üzrə maliyyələşdirmənin cəmi həcmi 1 milyon 200 min manat nəzərdə tutulub. Elmin İnkişafı Fondu müsabiqəyə 1 milyon manat maliyyə vəsaiti ayırıb. Müsabiqəyə maliyyə həcminə görə kiçik və orta maliyyə həcmli layihələr qəbul olunacaq. Fondunun icraçı direktoru Elçin Babayevin sözlərinə görə, müsabiqədə AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından, QHT-lərdən İKT ilə əlaqəli şirkətlərdən olan alim və mütəxəssislər, eyni zamanda fərdi şəkildə alimlər iştirak edə bilər. Tətbiqi xarakterli layihələrə və müvəqqəti yaradıcı kollektivləri adıçəkilən müxtəlif qurumların nümayəndələrindən təşkil olunmuş layihələrə üstünlük veriləcək.

Layihələrə 2 yaxud da 3 ekspert rəy verəcək. Əsas məsələ rəylərin müstəqil elmi ekspertlər tərəfindən verilməsidir. Əsas üstünlük layihələrin azərbaycanca yazılmasına verilir. Lakin 10 min manatdan yuxarı olan layihələr ingilis dilində yazılmalıdır.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirdi ki, yeni texnologiyaların, o cümlədən İKT sferasının inkişafı Azərbaycanın gələcəyini təmin edən sənədlərdən biridir. Elmin İnkişafı Fondu ilə birgə müsabiqə keçirilməsində məqsəd Azərbaycanda elmi tədqiqatlara təkan vermək, bu işə daha geniş vüsət alması üçün maliyyə dəstəyinin göstərilməsidir. Bu müsabiqələr isə Azərbaycanda elmi potensialın güclənməsinə, görülən işlərin daha da davamlı olması üçün geniş imkanlar yaradır.

Xatırladaq ki, müsabiqəyə təqdim olunmuş bütün layihələrin ideyasının obyektiv formada orijinal ifadəsi müəlliflik hüququnun obyekti kimi Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçiriləcək. Müsabiqə üçün layihələrin qəbulu 6 sentyabr-7 oktyabr tarixində qəbul ediləcək, nəticələr isə noyabrın 10-da açıqlanacaq.