Prezident İlham Əliyev Cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran şəhərində olub

Dövlət başçısı ulu öndər Heydər Əliyevin Xatirə parkındakı abidəsi önünə gül dəstəsi qoyub

president.az

Bakı, Vüsal Nəbiyev, İnteraz - 06 Sentyabr 2013, 11:04


İcra hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə parkında aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, parkda tikinti işlərinə 2012-ci ilin sentyabrında başlanılmış və 2013-cü ilin mayında başa çatdırılmışdır. 

Prezident İlham Əliyev Lənkərana səfəri çərçivəsində şəhərə içməli suyun verilməsi mərasimində iştirak etmişdir. Dövlət başcısı “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin baş planını əks etdirən stendlərlə tanış oldu.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemləri ötən əsrin 60-70-ci illərində yaradılmışdır. Şəhərə içməli su Xanbulançay su anbarından verilirdi və yenə də bu su anbarından verilir. Layihə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Lənkəran şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Prezident İlham Əliyev Lənkəranda Gənclər Mərkəzinin açılışında da iştirak etmişdir. Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Prezident İlham Əliyevə məlumat verdi ki, üçmərtəbəli binanın tikintisinə ötən ilin iyulunda başlanmış və tikinti işləri bu ilin avqustunda başa çatdırılmışdır.

Prezident İlham Əliyev yeni mərkəzdə cənub regionun ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplamış gəncləri ilə görüşdü.

Daha sonra Prezident İlham Əliyev Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun açılışında iştirak etmişdir.

Avtomobil yolunun sxematik planı ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, uzun illər təmir edilməyən bu yol yararsız vəziyyətə düşmüşdü. Qısa müddətdə tamamilə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaqdır.

Bildirildi ki, tikintisi “Lənkəranyol tikinti” ASC tərəfindən aparılan yolun inşasına 2012-ci ilin may ayında başlanılmış, 2013-cü ilin avqustunda başa çatdırılmışdır. Üçüncü texniki dərəcəli yolun yenidən qurulması zamanı altı körpü təmir olunmuş, iki suötürücü boru quraşdırılmışdır.

Prezident İlham Əliyev görülən işlərdən razı qaldığını bildirdi.

Prezident İlham Əliyev Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, xəstəxananın binası 1983-cü ildə inşa olunmuşdur. O vaxtdan binada əsaslı təmir aparılmamışdır. Bu tibb müəssisəsi möhtəşəmliyi və xidmətinin müxtəlifliyi ilə fərqlənir. Kompleksə cərrahiyyə, poliklinika, narkologiya, terapiya, yoluxucu xəstəliklər korpusları, inzibati bina və mətbəx daxildir.

Xəstəxananın 13 şöbəsində müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaqdır. Cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, anesteziologiya, reanimatologiya, şüa-diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinetal mərkəz, klinik laboratoriya, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilmişdir.

Diqqəti çatdırıldı ki, xəstəxananın bütün infrastrukturu tamamilə yenilənmişdir.