Səudiyyə Ərəbistanında “Korona” virus təhlükə yaratmaqda davam edir

Virusa yoluxmuş şəxslər arasında ölüm halları 47-ə çatıb

Bakı, Nazilə Xaqani, İnteraz - 09 Sentyabr 2013, 13:37

İnteraztv-nin Anadolu agentliyinə istinadən veridiyi xəbərə görə, Səudiyyə Ərəbistanı Səhiyyə nazirliyindən edilən açıqlamada, virusa yoluxan daha bir nəfərin dünyasını dəyişdiyi bildirilib. Bununlada ölənlərin sayı 47-ə çatıb. Açıqlamada Riyad və Hafrul Batin şəhərlərində 3 nəfərdə virus aşkarlandığı və xəstəliyə tutulanların sayının 96-a çatdığı bildirilib.

Mədinədə virusa yoluxan daha bir nəfərin həyatını itirməsi ilə şəhərdə 12 gün ərzində ölənlərin sayı 2-ə çatıb. Bunun isə Həcc ziyarətinin yaxınlaşdığı bir dövrdə narahatlığa səbəb olduğu deyilib.

2003-cü ildə daha çox Asiya qitəsində təsadüf edilən virus nəticəsində 800-dən çox insan dünyasını dəyişib. Daha çox Yaxın şərq ölkələrində təsirli olan virus nəticəsində 2012-ci ilin sentyabr ayından bu günə 96-ı Səudiyyə Ərəbistanında olmaqla dünya miqyasında 121 yoluxma halı qeydə alınıb. 47-i Səudiyyə Ərəbistanında olmaqla bu günə qədər 56 nəfər isə dünyasını dəyişib.

Virusa yoluxmuş şəxslə uzun müddət təmasda olduqda sağlam insan da yoluxa bilər. Xəstəliyin qaynağı haqda yetərli məlumata sahib olmayan həkimlər virusa qarşı heç bir antibiotik, yaxud peyvənd müalicəsindən istifadə edə bilmir.