Çin nümayəndə heyəti SAM-ın qonağı olub - Fotolent

Görüşün sonunda gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub

Bakı, Vüsal Nəbiyev, İnteraz - 10 Fevral 2014, 17:38

Bu gün ÇXR Kommunist Partiyasının Xarici Əlaqələr Departamentinin direktor müavini Co Linin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin qonağı olub.   

 

Qonaqları SAM-ın direktoru Fərhad Məmmədov, direktor müavini Gülşən Paşayeva, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri Şöbəsinin müdiri Vüsal Qasımlı, Xarici Siyasət məsələlərinin təhlili şöbəsinin Aparıcı elmi İşçisi Rəşad Kərimov və digər əməkdaşlar qəbul edib.

 

Strateji Araşdırmalar Mərkəzinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, Bakıda 1996 və 2005-ci illərdən sonra artıq 3-cü dəfə səfərdə olan ÇXR Kommunist Partiyasının Xarici Əlaqələr Departamentinin direktor müavini Co Li Bakının tamamilə dəyişdiyini, ölkədə siyasi stabilliyin və iqtisadi inkişafın nəzərə çarpacaq dərəcədə artdığını vurğulayıb. Görüş zamanı tərəflər Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin formalaşması və inkişaf mərhələlərini, eləcə də Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsini və onun həlli yollarını, Azərbaycanın Cənubi Qafqazda apardığı siyasəti, SAM-ın ÇXR-də həyata keçirdiyi layihələri və təşkil etdiyi tədbirləri müzakirə ediblər. 

Görüşün sonunda gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub. 

Qeyd edək ki, ölkəmizə Yeni Azərbaycan Partiyasının dəvəti ilə səfər edən nümayəndə heyəti bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov və  Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, millət vəkili Ziyafət Əsgərovla da görüşüblər.