Bu gün rezidenturaya qəbul imtahanının I mərhələsi keçirilib

Bu il rezidenturaya qəbul aparılacaq plan yerlərinin sayı 528-dir

Bakı, Vüsal Nəbiyev, İnteraz - 09 Sentyabr 2013, 16:37

TQDK 2013-2014-cü tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının ilk mərhələsini keçirdi. Rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədin təhsil aldığı baza ali tibb təhsilinə müvafiq olaraq baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas sahəsində bilikləri yoxlanacaq. Ümumilikdə imtahanda iştirak etmək üçün 1297 nəfər elektron ərizə təsdiqlədib. Bakı şəhərində 1281, Naxçıvanda isə 16 namizədin imtahan verəcəyi nəzərdə tutulur.


Qeyd edək ki, rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra aparılacaq. İxtisas seçiminə iki mərhələ üzrə imtahandan topladığı ümumi balı ilə yanaşı, baza və ixtisas fənləri üzrə ayrılıqda topladığı balı da TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılacaqlar. Bu il rezidenturaya qəbul aparılacaq plan yerlərinin sayı 528-dir.