YUNESKO-da Üzeyir Hacıbəylinin “Arşın Mal Alan” operasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçiriləcək

Konsertdə Qazaxıstanın Karaqanda simfonik orkestrinin müşayiəti ilə Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə artistləri ifa edəcəklər

Bakı, Vüsal Nəbiyev, İnteraz - 10 Sentyabr 2013, 10:34

Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyindən verilmiş məlumata əsasən, 17 sentyabr tarixində YUNESKO-nun Baş Qərargahında Türk Mədəniyyəti üzrə Beynəlxalq Təşkilatın (TÜRKSOY), eləcə də Azərbaycan və Qazaxıstanın YUNESKO-da Daimi Nümayəndəliklərinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın Mal Alan” operasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçiriləcəkdir. 

Qeyd edilməlidir ki, YUNESKO hələ 2011-ci ildə “Arşın Mal Alan” operasının 100 illiyini yubileylər siyahısına daxil edərək, onun beynəlxalq səviyyədə qeyd edilməsinə qoşulmuşdur. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən İnterazTv-yə verilən məlumata görə, bayram tədbirləri çərçivəsində TÜRKSOY-un 20 illik fəaliyyəti və “Arşın Mal Alan” operasının yaradılmasını əks etdirən fotosərgi, həmçinin operaya aid tamaşa-konsertin keçirilməsi nəzərdə tutulmuşdur.   


Tamaşa-konsertində Qazaxıstanın Karaqanda simfonik orkestrinin müşayiəti ilə Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə artistləri ifa edəcəklər.