Mərsin meyvəsinin faydaları

Rafiq Xəlilov Azərbaycanda ilk dəfə olaraq mərsin ağacı yetişdirməyə nail olub

(c) İnterazTV

Bakı, Vüsal Nəbiyev, İnteraz - 10 Sentyabr 2013, 14:36

Heç mərsin ağacı eştmisiniz, yoxsa görmüsünüz? Amma Göyçay rayonunun Ərəb kənd sakini, 57 yaşlı Rafiq Xəlilov Azərbaycanda ilk dəfə olaraq, mərsin ağacı yetişdirməyə nail olub. Bununla da o, öz bağçılıq təsərrüfatına xarici ölkəyə məxsus yeni bir ağac əlavə edib. Hind narı  kimi qeyri-adi ağacları yetişdirməklə tanınan Rafiq Xəlilov bu dəfə meyvəsindən və yarpaqlarından müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan mərsin ağacını Göyçayda çətinliklə də olsa yetişdirərək məhsul əldə etməyin mümkünlüyünü sübut edib.

35 ildir ki, bağçılıqla məşğul olan Rafiq Xəlilov mərsinin toxumlarını 6 il öncə Gürcüstandan gətirdiyini və onları xüsusi qablarda cücərtdiyini, şitilini isə torpağa əkərək qulluq etdiyini bildirib. Altı il ərzində yalnız bir mərsin ağacını yetişdirərək məhsul əldə edə bildiyini qeyd edən bağban nəhayət ki, zəhmətinin bəhrəsini gördüyü üçün çox sevindiyini bildirdi.

Məlumat üçün deyək ki, Mərsinin meyvələri diabetli xəstələr üçün xeyirlidir. Qarağatdan kiçik olan qırmızı rəngli mərsinin meyvələri dişlərin çürüməsinin qarşısını alır, ishalı dayandırır, ürək döyüntüsünü azaldır, ürəyin fəaliyyətini qüvvətləndirir, öskürəyi kəsir, iflic olmuş orqanları müalicə edir, saçların tökülməsinin qarşısın alır. Mərsinin meyvəsindən və yarpağından ətir və boyaq kimi istifadə olunur. Ağac qeyri-adi müalicəvi xüsusiyyətləri ilə hamının diqqətini cəlb edib. Bu il ağac ilk dəfə bar verib və hazırda bağban Rafiq Xəlilov, eləcə də rayon sakinləri mərsinin meyvəsinin tam yetişməsini gözləyir. Bağban Rafiq Xəlilov gələcəkdə mərsin ağacının sayını artırmağı və kiçik mərsin bağı salmağı planlaşdırır.