Adi mobil telefon pos-terminala çevriləcək

Ənənəvi pos-terminalları mobil cihaz əvəz edəcək

Bakı, Tural Səftərov, İnteraz - 17 Fevral 2014, 14:25

Adi mobil telefon pos-terminala çevriləcək.

 

Azərbaycanda nağdsız ödənişlərin inkişafını məhdudlaşdıran amillərdən biri ölkədə, xüsusilə regionlarda yerləşən ticarət və xidmət obyektlərinin hamısının pos-terminal ilə təmin edilməməsidir.

 

İnterAz Marja-ya istinadən xəbər verir ki, Mərkəzi Bankda keçirilmiş tədbirdə “MilliKart” Prosessinq Mərkəzinin rəhbəri Cəlal Orucov  pos-terminalların sayının artmasının qarşısını alan əsas problemləri dilə gətirib.

 

Onun sözlərinə görə, pos-terminalların sayının sürətlə artmamasının səbəbi bu cihazların qiymətlərinin münasib olmaması və hansısa təsərrüfat subyektlərində dövriyyənin az olduğu üçün banklar tərəfindən pos-terminalların qurulmasının məqsədəuyğun hesab edilməməsidir.

 

Cəlal Orucov bildirib ki, problemin həlli yolu mobil pos-terminallardan (Mpos) istifadədir:

 

“Qısaca olaraq məlumat verim - adi mobil telefonu xüsusi bir cihaza yaxınlaşdırmaqla telefon mobil pos-terminala çevrilir. Ənənəvi pos-terminaldan fərqli olaraq bu cihazın qiyməti bir neçə dəfə aşağıdır  İkincisi də, mobil olmasına görə kiçik və orta sahibkarlıq subyektlərində bu cihazlar daha populyar ola bilər”.

 

Qeyd edək ki, bir neçə gün öncə vergilər nazirinin  audit və operativ nəzarət məsələləri üzrə müşaviri İlqar Əhmədov bildirib ki,  2014-cü ilin sonunadək 82500 obyektə pos-terminalın tətbiq olunması nəzərdə tutulur.