Ədliyyə nazirliyi bu təşkilatları cəzalandırdı

Qrantla bağlı müqavilələrin surətini Ədliyyə Nazirliyinə təqdim etməyən təşkilatlar cərimələnib

Bakı, Tural Səftərov, İnteraz - 18 Fevral 2014, 10:48

2013-cü il ərzində qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə Ədliyyə Nazirliyinə təqdim etməmiş qeyri-kommersiya təşkilatlarının inzibati məsuliyyətə cəlb olunmaları ilə bağlı tədbirlər görülüb.

 

Ədliyyə Nazirliyindən İnterAz-a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 223-1.1-ci maddəsinə əsasən, qrant alan hüquqi şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə (1 ay) Ədliyyə Nazirliyinə təqdim edilməməsinə görə cərimə müəyyən olunub.

 

Ölkə prezidentinin 12 fevral 2004-cü il tarixli 27 nömrəli fərmanı ilə təsdiq edilmiş "Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları"nın 2.1-ci bəndinə zidd olaraq qrant alınması haqqında müqavilənin (qərarın) surətinin qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim etmədiyinə görə ötən il ərzində 3 inzibati tənbeh verilmə haqqında qərar qəbul edilib. Tətbiq edilmiş intizam tənbehi nəticəsində ümumilikdə 7000  manat məbləğində cərimə olunub.