Nazirlik hökümətə yeni layihə təqdim edəcək

"Demoqrafik İnkişaf Konsepsiyası" gələcək on il ərzində inkişaf istiqamətlərini, həyata keçiriləcək zəruri tədbirləri müəyyən edir

Bakı, Tural Səftərov, İnteraz - 18 Fevral 2014, 11:34

Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı layihəsi yaxın vaxtlarda hökumətə təqdim olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən İnterAz-a verilən məlumata görə, nazirlik tərəfindən «Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı» (2014-2025-ci illər) layihəsinin hazırlanması işləri artıq yekunlaşmaqdadır. 

 

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 290 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Demoqrafik İnkişaf Konsepsiyası»na və digər normativ-hüquqi sənədlərə əsaslanan layihə ölkədə mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək on il ərzində inkişaf istiqamətlərini, həyata keçiriləcək zəruri tədbirləri müəyyən edir. 

 

Dövlət Proqramı ölkədə demoqrafiya və əhali sakinliyinin inkişafını 2025-ci ilədək dövr üçün stimullaşdırmaqla, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair qəbul edilmiş digər dövlət proqramları ilə əlaqəli şəkildə həyata keçiriləcək. Aidiyyəti dövlət qurumlarının rəy və təklifləri əsasında hazırlanan layihənin yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim olunması nəzərə tutulur.