Sosial Müdafiə Fondu 27 ton kağız təhvil verib

Bu aksiya getdikcə geniş vüsət alır

Bakı, Tural Səftərov, İnteraz - 18 Fevral 2014, 14:01

IDEA İctimai Birliyi, “ASAN xidmət” və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə "Hər kağızı bir yarpağa dəyişək" müştərək layihəsi uğurla davam edir.

 

İnterAz xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin təşəbbüsü ilə baş tutan layihə çərçivəsində hər gün saat 15:00-dan 18:00-a qədər Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin hər birində istifadə olunmuş kağız və kağız məhsullarının qəbulu aksiyası keçirilir.

 

Aksiyanın ilk həftəsində iştirak edən dövlət orqanları arasında Dövlət Sosial Müdafiə Fondu 27.000 kq, qeyri-hökumət təşkilatlarından Azərbaycan Hüquqşünaslar Konfederasiyası 173,4 kq və özəl müəssisələrdən isə “Embawood” şirkəti 1700 kq istifadə olunmuş kağız məhsullarını adı çəkilən mərkəzlərə təhvil verməklə həftənin liderləri olub. Bununla yanaşı vətəndaşlar da kütləvi şəkildə aksiyada iştirak edirlər, onlar arasında İsayeva Sevinc Şəmsəddin qızı 56 kq nəticə ilə birinci olub.

 

Kütləvi aksiya hələ də davam edir. Təhvil verilmiş hər 50 kq kağız tullantısı qarşılığında 1 ağacın əkilməsi planlaşdırılır.