Keyfiyyətli cinsləri necə seçmək olar?

Cinslər başlıca olaraq “Denim” parçasından hazırlanır

Bakı, Ceyhun Nəzərov, İnteraz - 05 Sentyabr 2016, 15:18

Bu sual bir çoxlarını daim düşündürür. Hər zaman firma istehsalı olan keyfiyyətli cinsləri almaq istəsək də, təəssüf ki, heç də hər zaman buna nail ola bilmirik. Belə ki, məşhur markalar tərəfindən fabriklərdə yüksək keyfiyyətlə hazırlanan cinslərlə yanaşı sexlərdə kustar üsulla hazırlananlar da var. Bu gün sizlərə onları seçmək üçün müəyyən məsləhətlər təqdim edəcəyik:

 

Parça 

 

Diqqət yetirilməli olduğunuz başlıca əlamətlərdəndir. Belə ki, parçanın fakturası, onun sıxlığı və çəkisinə diqqət yetirmək lazımdır. Əsl cinslər olduqca sıx olmalı, toxunduqda nahamarlığın hiss ediləcəyi parçadan tikilməlidir, çəkisi isə 500-600 qramdan 850 qrama qədər olmalıdır. Belə ki, yay və qış cinslərinin qalınlığındakı fərq çəkidə mütləq qaydada hiss edilir. Buna görə də, yay cinsləri 400 qram çəkiyə malik ola bilər.

 

Cinslər başlıca olaraq “Denim” parçasından hazırlanır.

 

 

Cins parçaların toxunması bir neçə cür ola bilər. Lakin ən yaxşısı və daha geniş yayılmışı  sarja toxunmasıdır. Qabarıq zolaqlı diaqonal denim parçalar sıx və davamlı olur, əsasən qış cinslərində istifadə edilir. 

 

 

İkinci bir toxunma növü isə “qırıq sarja” adlanır və şamşəkilli formaya malik olur. Bu toxunmadan əsasən, yüngül yay şalvarlarında istifadə edilir.

 

 

Qeyd: ən keyfiyyətli toxunma növü “sarja” (dioqanal) və “qırıq sarja” (şamvari (yolka) hesab edilir.

 

Üçüncü toxunma növü “cin” adlanır. Belə cinslərin üz və iç tərəfi rəng baxımından eyni olur. (Qeyd: “sarja” və “qırıq sarja”da cinsin iç tərəfi üz tərəfinə nisbətən daha açıq rəngli olur). Yay cinslərində istifadə edilir, yüngüldür. Lakin toxunuş sıxlığı baxımından “sarja” və “qırıq sarja” dan geri qalır, keyfiyyəti də nisbətən zəifdir. Əgər şalvarın keyfiyyətinə deyil, sərin saxlamasına önəm verirsinizsə “Cin” növünü seçə bilərsiniz. Bildirək ki, bu növ digər iki növdən qiymət baxımından da ucuzdur.

 

 

Dördüncü toxunma növü şambredir. Şambre lifləri perpendikulyar kəsişir, yüngül olduğu üçün rahatdır. “Şambre”  olduqca nazik olur, üz və arxa tərəf eyni rəngə boyanır. Davamlılığı zəif olduğundan cins tikilişi üçün məsləhət deyil. Belə cinslərin bir mövsüm “tab gətirdiyi” faktdır.

 

 

Parçanın tərkibi- etiketin üzərindəkiləri oxuyun!

 

100% pambıq tərkib cinsə həqiqi dəyər verənlər üçündür. Təbii tərkib, davamlılıq belə tərkibli şalvarların simasıdır. Əgər cinslərin etiketində “Supima” və ya ELS abbreviaturasını görsəniz düşünmədən alın. Bu parçanın ən yüksək keyfiyyətli pambıqdan hazırlandığını bildirir. Belə cinslər dünya bazarındakı cinslərin 1-3% təşkil edir, qiymətləri də təbii ki, tərkibinə müvafiqdir.

 

Cinsin elastik olmasını sevənlər faiz nisbətinə fikir verməlidirlər. Belə ki, cinsin tərkibindəki elastan 5%-dən artıq olmamalıdır. Əgər etiketin üzərində 95-97% pambıq və 3-5% elastan yazılıbsa, inamla ala bilərsiniz. Səbəb isə belə cinslərin 100% pambıq tərkibli cinslərdən daha davamlı olması və diz nahiyyəsində qabarmaların daha az yaratması ilə əlaqədardır.

 

 

Rəng

 

İstənilən cinsi yuduqdan sonra nisbi olsa belə dəyişiklik sezilir. Bu indiqo rəngləyicisi ilə boyanan əşyalar üçün adi haldır. Lakin cinslər geydiyiniz zaman bədəninizi boyamamalıdır. Cins alarkən əlinizi yüngülcə nəm edərək üzərindən sürtün, əlinizə nəzər yetirin, rəng çıxıbsa, belə şalvarlara üstünlük verməyin.

 

 

 

 

Keyfiyyətsiz cinslərdəki ağ rəngli “sürtülmüş yerlər”i çinli “usta”lar şalvarın üzərinə turşu tökməklə əldə edirlər. Belə üsul tez və ucuz başa gəlsə də, sağlamlıq üçün zərərlidir. Rəngə hansı turşuların qatıldığını heç kəs bilmir, belə rənglər allergiya və dəridə xoşagəlməz hissə səbəb ola bilir. Vizual olaraq da süni “sürtülmüş yerlər”i asanlıqla təyin etmək olur. Onlar həddən ziyadə parlaq, gözədəyimli olur.

 

 

Firma istehsalı olan cinslərdə “sürtülmüş yerlər” əldə etmək üçün daha böyük əmək  tələb edən bahalı mexaniki metodlardan istifadə edilir. Cinsləri fabrik şəraitində xüsusi qurğularda yanlarına süngər daşları (pemza) yerləşdirərək fırladırlar. Belə “sürtülmüş yer”lər təbii görünüşə malik olur. Kimyəvi rənglənmiş cinsdə ağ yer tamamilə eyni rəngli olduğu halda, fabrikdə hazırlanan cinslərdə nahamarlıq sezilir, sanki “daşa sürtülüb”.

 

 

 

Etiket

 

Keyfiyyətli cinslər keyfiyyətli leyblları  ilə də fərqlənir. Əksər hallarda brend cinslərin üzərindəki leybl  təmiz dəri və qalın kartondan hazırlanır. Leybl üzərindəki loqo  furnitura (düymə, zəncirbənd və s.) üzərindəki ilə eyni olmalı və səliqəli tikilməlidir.

 

Keyfiyyətli cinsin daxili etiketi də böyük əhəmiyyət kəsb edir. Etiketin üzərində mütləq qaydada brend, tərkib, ölçü, qulluq qaydaları və istehsalçı ölkə qeyd edilməlidir. Etiket göstəriciləri səliqəli, düzgün və aydın olmalıdır. 

 

Cinsin bədənə oturuşu

 

Bəzən cins aldığımız zaman düşünürük: “Görəsən əynimə böyük olanı götürüm? Onsuz da yuyulandan sonra kiçiləcək”, “Bəlkə, dar alım, geyindikcə genişlənər” və ya “Ən yaxşısı düz əynimə oturanı götürüm”. Əslində yüngül narahatlıq yaradan, bədənə oturan cinsin seçilməsi məqsədə uyğundur. Belə ki, yuyulduqdan və davamlı geyinildikdən sonra belə şalvarlar rahat olur, nə çox genişlənir, nə də çox daralır. Cinslər 2 sm-dən çox nə genişlənə, nə də darala bilər.

 

Cinsin ölçüləri

 

Etiket üzərində W və L hərflərini yəqin ki, görmüsünüz. Bəs bunlar nəyin izahıdır?

 

Etiket üzərindəki W belin ölçüsünü, L isə ayaqların uzunluğunu bildirir. Qeyd edək ki, bu ölçülər duymlə verilir. 2,5 sm bir duyma bərabərdir. Əgər cədvəldə sizin ölçünüzə uyğun ədəd mövcud deyilsə, o zaman sm ilə olan göstəricilərinizi 2,5-ə bölün.

 

Təqdim etdiyimiz cədvələ baxaraq bədəninizin W və L ilə ifadə edilən ölçülərinin sm evkivalentini tapa bilərsiniz.

 

 

 

Furnitura- yalnız metal

 

Əgər cinsdən danışırıqsa onun heç bir elementində plastmasın istifadəsindən söhbət gedə bilməz. Plastmas istifadə edilən cinsləri paltaryuyan maşında yusanız, divarlara dəyərək sıradan çıxacaq.

 

Düymələr üzərində Brendin loqosu, zəncirbəndin üzərində isə YKK (aparıcı geyim istehsalçıları, o cümlədən  Levi s, Mustang, Wrangler, Lee bu zəncirbənd üzrə dünya lideri ilə əməkdaşlıq edir)  abbreviaturası olmalıdır. Əgər orada brendlə əlaqəsi olmayan yazı varsa, demək cins çox güman ki, saxtadır.

 

 

Cinsin keyfiyyətinin yoxlanılmasının daha bir yolu əsas düyməni açıq saxlamaq, zəncirbəndi tam yuxarıya qaldırmaq şərti ilə şalvarın yuxarı hissəsindən tutaraq eyni zamanda sağa və sola dartmaqdır. Zəncirbənd açılmırsa, bu artıq keyfiyyət əlamətidir, yox əgər açılırsa saxta cinsin əlamətidir.

 

Tikiş

 

Klassik cinslərdə xarici tikişlər bir qayda olaraq sarı və narıncı sapla tikilir. İpin özü sıx və möhkəm olmalıdır. Lakin ayrı-ayrı cins modellərində dəyişikliklər ola bilər: saplar parça rəngində, daha nazik tikişlər. İstənilən halda tikiş düz və keyfiyyətli olmalı, ip çıxıntılarına malik olmamalıdır. Ayaqlar boyu uzanan tikişlərin 2-3 cərgəli olmasına diqqət yetirin. Bir cərgəli tikiliş sizləri çətin vəziyyətdə qoya bilər.

 

Cinsin daxili tikilişinin səkkizvari olması və overlokla işlənməsinə fikir verin. Əgər tikiliş səkkizvari deyil düzünə aparılıbsa, deməli cins böyük müəssisədə deyil, kustar sexdə hazırlanıb. 

 

 

sss