“İthaf. Şərq və Qərb arasında”

Azərbaycan Milli İncəsənət Muzeyində əməkdar rəssam Əşrəf Heybətin ilk fərdi yaradıcılıq sərgisi açılıb

Bakı, Tural Səftərov, İnteraz - 07 Mart 2014, 13:52

Azərbaycan Milli İncəsənət Muzeyində əməkdar rəssam Əşrəf Heybətin ilk fərdi yaradıcılıq sərgisi açılıb.

 

İnterAz xəbər verir ki, “İthaf. Şərq və Qərb arasında” adlı sərgi fırça ustasının vətən mövzusunda müxtəlif janrda işlədiyi əsərlərini bir ekspozisiyada birləşdirir.

 

Rəssam Əşrəf Heybət fəaliyyətini ölkə hüdudlarından kənarda davam etdirsə də, onun yaradıcılığında Abşeron motivləri, vətən gözəlliklərinin tərənnümü hələ də əsas mövzu olaraq qalır. Sərgi iştirakçıları fırça ustasının özünəməxsus iş üslubunu, onun əsərlərindəki orijinal rəng çalarlarını diqqətə çatdırıblar. Qeyd olunub ki, sənətin sirrlərini xalq rəssamları, görkəmli fırça ustaları Səttar Bəhlulzadə və Böyükağa Mirzəzadədən öyrənən Əşrəf Heybət geniş yaradıcılıq diapazonuna malikdir. O, portret, mənzərə, natürmortlarla yanaşı, iri həcmli monumental əsərlərin də müəllifidir. “İthaf. Şərq və Qərb arasında” adlı sərgi isə rəssamın doğma şəhərində sənətsevərlərə təqdim etdiyi ilk fərdi yaradıcılıq hesabatıdır.

 

Təsviri sənət ustasının lövhələri dünyanın 20-dən artıq ölkəsində, o cümlədən Amerika, Avropa ölkələri, İsrail, Türkiyə, Hindistan və Misirdə nümayiş etdirilib. O, Rusiya Rəssamlıq Akademiyası, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Beynəlxalq “Sülh elçisi” mükafatı laureatıdır. Almaniyada “Bakı”Mədəniyyət Cəmiyyətinin sədri kimi çalışır. Müxtəlif mövzularda işlədiyi panno rəsmlərini 1994 və 2001-ci illərdə Almaniyanın Koblens və Amerikanın Nyu York şəhər sakinlərinə hədiyyə edib. Rəssamın Milli İncəsənət Muzeyində açılan sərgisi martın 19-dək davam etdiriləcək.