ANAMA dənizkənarı ərazilərin minalardan təmizlənməsi əməliyyatına start verib

Sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə Lənkəran şəhər İcra Hakimiyyətinin Nazirlər Kabinetinə rəsmi müraciətindən sonra sahilboyu ərazinin minalardan təmizlənməsinə başlanılıb

Lənkəran, İlkin Rzayev, Vüsal Nəbiyev, İnteraz - 28 Mart 2014, 16:21

Ərazilərin minalardan təmizlənməsi üzrə milli agentlik - ANAMA-nın 13 nəfərdən ibarət  xüsusi əməliyyat qrupu mart ayının 3-dən Lənkəran rayonunda dənizkənarı ərazilərin minalardan təmizlənməsi əməliyyatına start verib. Sovetlər vaxtında tank batalyonunun poliqonu kimi istifadə olunan ərazidə son aylarda bir neçə dəfə işlək vəziyyətdə olan hərbi sursatların, əsasən də, tank əleyhinə minaların aşkarlanması səbəbindən Lənkəran şəhər İcra Hakimiyyəti əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinə müraciət edib. Əraziyə cəlb olunan ANAMA əməkdaşları sahil boyu 15 ha ərazinin bu günə kimi 4 ha–ında təmizləmə işləri aparıblar. Anamanın xususi əməliyyat qrupunun əməliyyat dövrü ərzində aşkarladığı tank əleyhinə mina və onun partlayıcı başlıqları bu gün partladılaraq zərərsizləşdirilib.

Mütəxəsis bildirir ki, dəniz səviyyəsi son 20 ildə qalxdığı üçün ərazidə olan iki  sovetdən qalma sursat anbarı suyun altında qalıb. Sahildən minaların tapılması da suyun altında xeyli minaların qalmasını göstərir. Əməliyyat zamanı minaaxtaran itlər və mexaniki minatəmizləyən maşınlardan istifadə edilir.