Toy mərasimləri də hansısa formada tənzimlənə bilər

Bu məsələ parlamentdə müzakirəyə çıxarıla bilər

Bakı, Günel Tağıyeva, Nəzəroğlu Cəlalə Natiq qızı, İnteraz - 25 Avqust 2014, 16:27

 Azərbaycan Parlamentinin deputatı hesab edir ki, toy mərasimləri hansısa formada tənzimlənməlidir və buna ehtiyac var.

 

İnterAz-ın Trend-ə istinadən verdiyi xəbərə görə bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.

 

Deputatın sözlərinə görə, insanlar da toy mərasimlərinin formasının dəyişməsini istəyir: "Bir çox hallarda toyun hansı formada keçirilməsi toy sahibindən asılı olmur. Bu sahədə şadlıq saraylarında çox ciddi problemlər var. Toy sahibi menyu verir, şadlıq sarayı onu qəbul etmir, deyir yox, bizim standart menyumuz var, çünki o standart menyu adı altında onlar hədsiz dərəcədə vətəndaşın şəxsi büdcəsinə ziyan vururlar, lazımsız- yeməklər, köhnə qidalar verirlər. Yəni insanlar öz toylarının menyularını özləri müəyyənləşdirə bilmirlər. Şadlıq evləri insanların menyularını qəbul etmir, insanlar da məcburən bununla razılaşmalı olurlar".

 

M.İbrahimqızı toyların həddən artıq səs-küylü keçdiyini də diqqətə çatdırıb: "Toy mərasimlərində səs-küy də əsas problemlərdən biridir. Toyda kimləsə danışmaq olmur, mərasimdən çıxandan sonra da başağrısı adamı narahat edir. İstənilən halda bu məsələ də hansısa formada tənzimlənməlidir".

 

M.İbrahimqızı bu məsələni parlamentdə müzakirəyə çıxarılacağını istisna etmir.