"Hidroböhran, hidromünaqişələr və hidrostrategiya" kitabının təqdimatı keçirilib

Dəyirmi masada SAM və Coğrafiya İnstitutunun əməkdaşları, Milli Məclisin deputatları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri, politoloqlar, KİV nümayəndələri çıxış ediblər

© Foto: sam.gov.az

Bakı, Vüsal Nəbiyev, İnteraz - 07 Oktyabr 2013, 13:52

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutu "Hidroböhran, hidromünaqişələr və hidrostrategiya" kitabının təqdimat mərasimi ilə bağlı dəyirmi masa təşkil edib. 

Moderatorluğunu SAM-ın direktoru Fərhad Məmmədovun etdiyi dəyirmi masanın məruzəçiləri AMEA-nın müxbir üzvü, professor, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Ərəstun Həbibbəyli, Milli Məclisin deputatı Musa Qasımlı, Milli Məclisin deputatı Rövşən Rzayev, fizika-riaziyyat elmləri doktoru Rövşən Xəlilov, Coğrafiya İnstitutu, coğrafiya elmləri doktoru Rəna Qaşqay, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, professor Rza Mahmudov və kitabın müəllifi, SAM-ın elmi işçisi Araz Qurbanov olub. 

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin mətbuat xidmətindən İnterazTv-yə verilən məlumata görə, dəyirmi masada SAM və Coğrafiya İnstitutunun əməkdaşları, Milli Məclisin deputatları, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri, politoloqlar, kütləvi informasiya vasitələrinin nümayəndələri çıxış ediblər. 

Beynəlxalq təşkilatların hesabatlarına əsasən 2025-ci ildən sonra qlobal içməli su qıtlığı problemi dünyanın bir sıra ölkələrinə əsas siyasi-iqtisadi təzyiq vasitəsinə çevriləcək, ekstremist və separatçı qruplaşmaların terror-təxribat aktlarının hədəfləri iri sənaye müəssisələri, neft mədənləri deyil, məhz şirin su mənbələri olacaq. BMT-nin statistikasına görə, təkcə son 50 il ərzində şirin su ehtiyatlarına nəzarət uğrunda 500 siyasi qarşıdurma və 37 silahlı toqquşma baş verib. SAM-ın elmi işçisi Araz Qurbanovun müəllifi olduğu kitab qlobal ekoloji və sosial-siyasi problemə, su çatışmazlığına, onun təhdid kimi istifadəsinə, dünyada şirin su zəminində baş verən və proqnozlaşdırılan münaqişələrə, bu qarşıdurmaların aradan qaldırılmasına yönəldilmiş səylərə həsr olunub. Eyni zamanda, Azərbaycan Respublikasının təbii hidroloji vəziyyətindən, ölkəmizin üzləşdiyi problemlərdən və onların həlli istiqamətində aparılan hidrostrateji tədbirlərdən, su ehtiyatlarının qorunması və səmərəli istifadə olunması məqsədilə xarici ölkələrin qabaqcıl təcrübələrindən geniş bəhs olunmuş, müvafiq tövsiyələr verilib. 

Müzakirə edilən mövzulardan biri də Ermənistan Respublikasının transsərhəd su ehtiyatlarını Azərbaycana qarşı geosiyasi təzyiq vasitəsinə çevirmək siyasəti və işğal altındakı ərazilərdəki hidrotexniki qurğulardan Azərbaycana qarşı hidrodiversiya və terror aktları  törətmək niyyətləri mövzusu olub.

Çıxışlarda SAM və AMEA Coğrafiya İnstitutunun təşkilatçılığı ilə 2013-cü ilin noyabr ayında bu məsələyə dair elmi-praktiki konfransın  keçirilməsi təklif olunmuşdur.