İntensiv yağıntı Lənkəran-Lerik yolunda torpaq uçqununa səbəb olub

Səhər saat 7:00 radələrində qeydə alınan uçqun nəticəsində magistiralda nəqliyyatın hərəkəti bir müddət bağlı qalıb

Lənkəran, İlkin Rzayev, Vüsal Nəbiyev, İnteraz - 07 Oktyabr 2013, 15:35

Bir neçə gündür cənub bölgəsinə yağan intensiv yağıntı Lənkəran-Lerik yolunda torpaq uçqununa səbəb olub. Uçqun səhər saat 7:00 radələrində Lənkəran-Lerik yolunun 17-ci km-də qeydə alınıb. İntensiv yağntılar zamanı torpaq qatının boşalması səbəbindən təxminən 50 min kubmetr torpaq sürüşərək yola axıb. Torpağın yola sürüşmə nəticəsində 6 metr eni olan Lənkəran-Lerik yolu tamamilə bağlanıb. Nəticədə magistralda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

43 saylı Lerik Yol İstismar İdarəsinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub. Yola axan torpaq qatı ağır texnikanın köməyi ilə daşınaraq ərazidən uzaqlaşdırılıb. Yolda hərəkət qismən bərpa olunub. Lakin yağan intensiv yağışlar belə davam edərsə ərazidə yenidən torpaq uçqununa səbəb olacağı istisna edilmir. Hazırda hadisə yerində yolun tam torpaqdan təmizlənməsi üçün iş aparılır.

Qeyd edək ki, Lənkəran–Lerik yolunun təxminən 10-dan çox yerində aktiv sürüşmə sahələri mövcuddur. Buna görə də, xüsusən payız-qış aylarında yolda mütəmadi torpaq sürüşmələri qeydə alınır.  Ərazidəki təhlükə isə hələ də qalmaqdadır.