Lənkəranda yol nəqliyyat hadisəsi baş verib

İki avtomobilin toqquşması üç nəfərin xəsarət almasına səbəb olub

Lənkəran, İlkin Rzayev, Vüsal Nəbiyev, İnteraz - 07 Oktyabr 2013, 15:45

Lənkəranda üç nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə günorta saatlarında Ələt-Astara magistralının 184-cü kilometrliyində, Lənkəran rayonunun Şirinsu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Astara istiqamətində hərəkətdə olan Lənkəranın Sütəmurdov kənd sakini, 40 yaşlı Yalçın Cəfərovun idarə etdiyi  “VAZ - 11174” markalı avtomobil, Ələt istiqamətində hərəkətdə olan Gəncə şəhər sakini, 29 yaşlı Tural Qasımovun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ - 11174”-ün sürücüsü və daha iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.


Hadisə yerində araşdırma aparan Baş Dövlət Yol Polis İdarəsinin müstəntiqi qəza ilə bağlı hər hansı bir açıqlama verməkdən imtina edib. Bu səbəbdən də qəzada hansı sürücünün günahkar olması və qəzanın hansı səbəbdən baş verməsini öyrənə bilmədik. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.