Prezidentliyə namizəd Hafiz Haciyev “10 manat”-lıq ayaqqabı geyinir

"Yaxşı bozartma, kabab, salatlar düzəldirəm"

Bakı, İnteraz - 07 Oktyabr 2013, 16:14

Hafiz Hacıyev... Əslində bu ad böyükdən kiçiyə hər kəsə tanışdır. Müasir Müsavat partiyasının lideri, prezidentliyə namizəd Hafiz Hacıyev İnterazTy-yə eksklüziv müsahibə verib. Müsahibim haqqında mətbuatda onun siyasi fəaliyyəti ilə bağlı kifayət qədər məlumat var. Biz isə oxucularımızı Hafiz Hacıyevin qeyri-rəsmi tərəfləri ilə tanış edəcəyik.

Hafiz Hacıyev kimdir?

Hafiz Hacıyev ömrünün 30 ilini siyasətə həsr etmiş, uzun müddət komsomol işində işləmiş təcrübəli, biologiya elmlər namizədi, dünyanın otuzdan artıq dövlətində olan, BMT-də 856 nömrəli qətnamənin qəbul edilməsində iştirak edən, Müasir Müsavat Partiyasının 13 illik sədridir. Hafiz Hacıyev Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Balıq Konserv Zavodunun rəhbəri işləyib. Rayon komsomolunda birinci, ikinci katib, ümumiyyətlə, gənc yaşında yüksək vəzifələrdə çalışıb. Və ən əsası Hafiz Hacıyev çox təcrübəli, dünya görüşlü bir siyasətçidir. O, üç dəfə Azərbaycanda Prezidentliyə namizəd olan bir şəxsdir.

Xaraktercə necə insansınız?

Hafiz Hacıyev xaraktercə çox sadə bir adamdır. Elə onun cəmiyyətdə, həyatda başına gələn bütün xoşagəlməz hadisələr də onun sadəliyi ilə bağlıdır. Həm də eyni zamanda çox sərtəm. Dostluqa çox möhkəm adamam. Hafiz Hacıyev yalnız onun millətinə, xalqına qarşı olan düşmənlərinə münasibətdə çox sərt adamdır. Bu kimi insanları məhv etməyincə əl çəkən, sakitləşən adam deyil. Bunu Azərbaycan cəmiyyəti də bilir ki, Hafiz Hacıyevin bir üzü var, ikinci üzü yoxdur.

Məktəb vaxtı kimisə sevmisiniz?

Gülür... Çox maraqlı sualdır. Gənclik illərində olub belə bir şey. Təbii ki, orta məktəb tamam başqa həyatdır, tələbəlik ondan da fərqlidir. Sonra həyatın ən qaynar nöqtəsinə düşürsən və hər şey yaddan çıxır. İyirmi beş yaşında ailə qurmuşam. İnsanı mühit yetişdirir. Mənim mühitim çox fərqli olub. Səmimi deyim mən qızıl mədənlərində fəhlə də işləmişəm. O dövrdə "Brejnev" mükafatı almışam. Mənə juqili markalı maşın da hədiyyə ediblər.


Sevib ailə qurmuzunuz?

Təbii, əlbəttə ki. Ailədə üç övladım var. İki qız, bir oğlan. Böyük qızım ailəlidir. Bir övladı var.


Qızınızın seçiminə münasibətiniz necə oldu?

Qətiyyən. Sizi inandırım ki,  mən əslən Qərbi Azərbaycandan olsam da, qızımın həyat yoldaşı Bakılıdır, Türkiyədə hüquq üzrə təhsil alıb. Bir də mənə dedilər ki, qızıma elçi gəlmək istəyirlər. Mən də anasına dedim ki, qızın özündən soruşun. Razıdırsa, mən də xeyir-duasını verim. Mən sərbəstliyin tərəfdarıyam. Düşünürəm ki, gənclərə sərbəslik vermək lazımdır. Gənclərin ailə işinə qarışarkən bu, heç də müsbət nəticə vermir.  Çox sevinirəm ki, hələ övladlarım elə bir iş görməyib ki, onların işinə müdaxilə etməli olam. Oğlum da həmçinin Azərbaycan İqtisad Universitetin bitirib. Naxçıvanda hərbi xidmət çəkib. Hal-hazırda işsizdir, hərbi xidmətdən yeni qayıdıb.

 

Oğlunuzun davamçınız olmağını, siyasi fəal kimi yetişməsini istərdinizmi?

Xeyr, mən bunu qətiyyən arzu etmərəm. Çünki, mən bu siyasətdə çox zülmlər çəkmişəm. Digərlərindən fərqli olaraq mən meydanlardan deyil, bir başa böyük vəzifələrdən siyasətə gəlmişəm.  Mən Komsomolun katibi olanda Komsomol biletlərin yığıb çaya tökdürmüşdüm. Bunu da çaydan yığıb göndərmişdilər Moskvaya. Buna görə mənə töhmət də verdilər. Lakin biz Sovet Hökümətinin dağılmasını artıq öncədən hesablamışdıq. Mən ömrümü millətimə, Azərbaycanın gələcəyinə qurban vermiş bir insanam. İstəmərəm ki, övladlarım da bu çətin yolun yolçusu olsun. Bu gün 20 ilə yaxın xalqımı müdafiə etmək məqsədi ilə apardığım mübarizəyə bu gün xalqdan dəstək görürəm. Xalq mənə bu gün doğru qiyməti  verir. 

Hafiz Hacıyevi ən çox sarsıdan nədir?

Məni bu gün ən çox sarsıdan vaxtı ilə mənimlə bir komandada olan, mənimlə birgə çalışan dostlarımın əqidəsizliyi, ikiüzlü siyasətidir. Onlar bir vaxtlar Əbülfəz Elçibəyə etdikləri xəyanəti indi başqalarına etmək istəyirlər. Bu da məni özümdən çıxarır. Kərimov Əli, Həsənov Cəmil, Qəmbərov İsa hakimiyyətdə olanda, vəzifədə olanda mən də nazir olmuşam. Bizim komandanın vaxtında çox səhvlər etmişik. Bu gün mən o səhvlərimizdən danışdığım üçün, komandanın üzvləri məndən inciyirlər. Ancaq, mən düşünürəm ki, yaxşı, mən də sizin kimi sussam bəs bu xalq necə olacaq?! Yenəmi, 1992-ci ilə qayıdıb qırğınlara səbəb olaq?! Dövlət başçısı bir nəfərdir və onu hamı qorumalıdır.


Söhbətimizin mövzusunu bir qədər dəyişmək istəyirəm. Hafiz müəllimin geyimlərini kim seçir?

Özüm. Çox sadə geyinməyə vərdiş etmişəm. Hətta buna görə çoxları məni qınayır ki, bu qədər sadə olma. Hələ mən indiyə qədər 100 manatdan bahalı kostyum geyinməmişəm. Mən sizə bu gün geyindiyim ayaqqabını göstərim. Baxın, özünüz də şahidi olun ki, bu ayaqqabının qiyməti cəmi 10 manatdır. Bu mənim sadəliyimdir. Gödəkçəmin qiyməti 48 manatdır. İşlətdiyim telefonu 7-8 il bundan öncə almışam. Qiyməti 42 manatdır. Bu telefonun üz hissəsi yarasız hala düşdüyü üçün, 20 gün öncə Nərimanovda üz hissəsini dəyişmişəm. Mənim geyindiyim kostyumun da şəkilin çəkin. 110 manata Sədərək bazarından almışam. Mən nazir olanda belə, günorta yeməyimi 1600 nəfər işçi ilə birlikdə yeyirdim. Balıq konservasını açdırırdım onlarla birlikdə oturub yeyirdim.  Bunların hamısı insanın daxilindən gəlməlidir.  Bu gün sürdüyüm avtomobil Hunday Sonatadır. Onu da kreditə götürmüşəm. Hər ay 650 manat banka kredit ödəyirəm. O qəbzləri də sizə göstərim baxın. Övladıma da maşın almışam. Onu da kreditə götürmüşəm. Yəni, başqa cür imkanım yoxdur.  Mən nazir olanda az çox pul yığmışdıq amma, Kərimov Əli bizi aldadıb o pulları götürüb qaçdı. İndi də Londonda villa sahibidir. Mən buyam. 10 manatlıq ayaqqabı, 100 manatlıq kostyum, 42 manatlıq telefon işlədən Hafiz Hacıyev. Sadəlik mənim üçün ən böyük xoşbəxtlikdir.  Debata gələn namizədlər bahalı maşınlarda, mühafiçiləri ilə gəlirlər. Məs isə minirəm öz maşınıma, sürə-sürə gedirəm debata. Mən bu sadəliyi Əbülfəz Elçibəydən, Heydər Əliyevdən öyrənmişəm. Mənim üçün fərqi yoxdur, bu gün lazım olsa gedib fəhlə də işləyərəm. Mən xalqın içində olmaq istəyirəm. Təmtəraqlı yaşaya bilmirəm. Hələ o vaxt mən nazir olanda bir gün təyyarə ilə Neü Yorka getməli olduq. Baxdım ki, təyyarədə cəmi dört nəfərik. Dedim ki, yox mən belə gedə bilmərəm. Nə üçün dövlət bu qədər pulu boşuna xərcləsin. Həsən müəllim desə də bizi biabır eləmə bu belə olmalıdır. Məni razı sala bilmədilər. Və hər kəs kimi mən də New Yorkda airaportda düşəndə jurnalistlər çox təəccübləndilər. Onlar üçün sanki bu möcüzə oldu. Mən bu gün də bəzən avtobusla da gedirəm. Sevirəm ictimai nəqliyyatda xalqın içində olmağı. Ancaq avtobusda mənə çox sual verdikləri üçün bir az yoruluram. Bircə ondan narahat olub az-az minirəm avtobusa.


Ailənizdə bazarlığı kim edir?

Özüm edirəm. Elə bu həftə bazara getmişdim. Orda da satıcılara sual verdim ki, baxın əvvəlki zaman olsaydı bu qədər müstəqil şəkildə malınızı sata bilərdinizmi? Dedilər ki, xeyr. Mən həmişə işdən çıxanda evə zəng edib maraqlanıram ki, nə çatışmır. Hamı kimi siyahı tutub gedib bazarlığımı edirəm.


Sonuncu dəfə hansı kitabı oxumusunuz?

Çingiz Abdullayevin kitabların oxumağı xoşlayıram. Və qərbi Azərbaycana aid kitabları genosid kitabların oxumağı sevirəm. Həmçinin mətbuatı izləyirəm. Daha çox erməni mətbuatını izləyirəm. Erməni dilin təmiz bilirəm. Çünki, mən Ermənistanda böyümüşəm və erməni dilində təhsil almışam. Mənə sual verirlər ki, niyə biologiya elmləri üzrə doktorluq dərəcəsi almırsınız. Deyirəm ki, mən Nurəddin müəllim kimi istəmirəm gedib pul verib professor adı alam. Bu mənim üçün çox aşağı bir həddir.


Orta məktəbdə “2” aldığınız fənn olub?

Çox yaxşı oxumuşam və Ermənistanda ermənilərin içində kimya üzrə keçirilən olimpiyadanın qalibi olmuşam. Riyaziyyatı heç sevmirdim. Bu fənni qəbul etmirdim. Mən biologiyanı, tarixi daha çox sevirdim. Uzun müddət balıqçılıq sahəsi üzrə çalışmışam. İndi də çoxları mənə “Balıq Hafiz” deyir. Qoy desinlər. Mən buna narazı deyiləm. Azərbaycan tarixində ilk dəfə 52 ton kürünü mən dünya bazarına çıxarmışam. İndiyə kimi Azərbaycan tarixində belə bir hal baş verməyib.


Ailədə necə, debatlarda olduğu kimi aqressivsiniz?

Xeyr, ailədə çox mülayiməm. Mən debatlarda haqsızlığa qarşı olduğum üçün aqressivəm. Mən haqsızlığa qarşı dözə bilmirəm. Bilin ki, mənim debatlardakı kimi həyatda sərtliyim yoxdur. Bəzən media nümayəndələri deyirlər ki, biz qorxuruq Hafiz müəllimdəm müsahibə götürməyə. Qətiyyən, mən hamı ilə qadan alım, başına dönümlə danıb, can deyib, can eşidən insanlardanam. Mənə kim zəng edirsə həmin zəngə cavab verirəm. Sən səhər mənə zəng eləsən ki, Hafiz müəllim burda bir işim var, lap hasar çəkirəm mənə kömək elə, gəl palçıq qayır. Mən gələrəm.


Debatda Cəmil Həsənli ilə olan qarşıdurmanızdan sonra sizə ətrafınızda münasibət necə oldu?

Təbii ki, narazı olanlar oldu. Bu adını çəkmək istəmədiklərimin saytlarında mənə, mənim ailəmə qarşı çox tərbiyəsiz məqalələr yazıldı. Lakin mən susdum. Düşündüm ki, əsas odur ki, mən xalqın gözünü az da olsa açmağı bacardım. Bilirsiz, çoxları mənə qarşı danışsalar da, səhəri gün mənim nə demək istədiyimi başa düşüb, zəng edib məndən üzr istəyirlər. Mən beynimdə baş verən hadisələri dəyərləndirməyi bacaran bir insanam.  Kritik anda vəziyyətdən necə çıxmaq, hansı halda hansı addımı atmağa qərar verə bilən adamam. Cəmil Həsənlinin debatda dediyi fikirlər tamamilə reallıqdan uzaqdır. Mən göstəriş vermişəm ki, onun danışdıqlarını erməni saytlarında götürüb çıxarsınlar. Cəmil Həsənli fikirlərini erməni saytlarına istinadən vurğulayır. Sabah mən də dövlət başçısı olanda bu fikirlər mənim də ailəm haqqında deyilə bilər. Baxın mən buna dözə bilmədim. Papurist çıxışlara ehtiyac yoxdur. Həqiqəti demək lazımdır. Cəmil Həsənli dövlət başçısının qızlarının mülkündən danışdı. Ancaq düşünmədi ki, o xanımların qaynataları dünyanın ən böyük sahibkarlarındandır. Bütün ailənin aldıqların dövlət başçısının ayağına yazmaq, xalqı bu yolla aldatmaq, qarşıdurmalar yaratmaq olmaz. Mən ona görə dözə bilmədim ki, bu gün xaricdən ermənilər və ermənipərəst dövlətlər də bizim inkişafımıza qarşıdır, öz daxilimizdəki Cəmil kimilər də...


Bu gün sizcə, Azərbaycan müxalifətinin kilkələri və akulaları kimlərdir?

Elə akula mənə deyirlər. Qalanları hamısı kilkədir. Görürsüz də hamısın uda-uda gəlirəm. Bir dənəsi də üzdə qalmayıb. Onlara demişəm ki, nə qədər mən sağam siz hakimiyyətə qayıda bilməyəcəksiniz. Və mən fəxr edirəm ki, öz dediyimi əməl edirəm.  Məni nə qədər söysələr də mən qoymaram onlar hakimiyyətə gəlib Azərbaycanı 92-ci ilə qaytaralar. Bu gün Qəmbərov İsanın oğlu gedir əsgərliyə orda xidmət edə bilmir. Gəlib gəncləri yığırlar başlarına "Tarqovu"-da mitinq edirlər. Kərimov Əlinin oğlu ayına 18 min euro verib Londonda oxuyur. Düşünürəm ki, onlar heç kilkə də deyillər. Çünki, kilkədən bir neçə məhsul hazırlanır. Kilkə insanlar üçün çox xeyirdir. Ancaq bunların heç kimi xeyri yoxdur. Bunlardan yalnız Azərbaycan dövlətinə qarşı istifadə olunur.


Nə üçün İsa Qəmbərə “Qəmbərov İsa”, Əli Kərimliyə “Kərimov Əli” deyirsiniz?

Onları alçatmaq üçün belə deyirəm. Onlar bu xalqa o qədər xəyanət ediblər ki, o xəyanətləri siz bilsəniz, bəlkə də bu cavan vaxtınızda bədəninizə qumbara bağlayıb öldürərsiniz onları. Onların heç adını belə deməyə dilim gəlmir. Onlar Azərbaycanda Dağlıq Qarabağı verdilər. Mənim imkanım olsa onlar öldürərəm. Millətə xəyanət edən insanların gərək başı kəsilsin. Bunlar xarici düşmənlərin yazdığı ssenarini oynayırlar. Rejissor xaricdədir aktyor daxildə. Bu gün erməni mətbuatı yazır ki, biz sevinirik ki, bizim namizədlərimiz Azərbaycanda hakimiyyətə gəlmək üzrədir.


Milli Şuranın vahid namizədi bildirir ki, iki il sonra hakimiyyətdən gedəcək. Bəs  sizcə kimə verəcək hakimiyyəti?

Cəmil Həsənli deyir ki, mən Qarabağ məsələsində heç nə edə bilmərəm. Bunu hökümət bilər. Bu bir oyundur. Məqsəd odur ki, kimisə 2 il oturtsunlar hakimiyyətdə sonra da ya Qəmbərov İsa, ya da Kərimov Əli keçsin hakimiyyətə. Bunu Rəsul Quliyev də Lalə Şövkət də təsdiqləyib.


Ən çox sevdiyiniz və baxmaqdan doymadığınız film hansıdır?

“Kurtlar Vadisi” serialına təkrar-təkrar baxıram. Çünki, orada baş verən hadisələr bu gün dünyada baş verən həqiqətlərə çox yaxındır. Bu gün digər dövlətlər çalışır ki, Azərbaycanı çökdürsünlər. Bu gün dünya da "Kurtlar Vadisi"dir.


Yəqin ki, ailənizə çox az vaxt ayırırsınız?!

Bəli. Ümumiyyətlə düşünürəm ki, siyasətdə olan gərək evlənməsin. Çünki, bizə qarşı ailəmiz vasitəsi ilə də çıxmağa çəhd edirlər. Lakin mən bəzən ailəmi də millətimə qurban verirəm. Yoldaşım müəllimədir, qızlarım işləyir. Mənə deyirlər ki, nə gərək var bütün günü kompüterin qarşısında oturursan, bu qədər insanlarla görüşürsən, əsəbləşirsən. Axı niyə bu qədər əziyyət çəkirsən? Mən isə deyirəm ki, mənim həyatıma qarışmayın. Allah mənə nə qədər ömür veribsə ömrümü xalqıma həsr edəcəm.  Bütün hakimiyyət dövrünü görmüşəm. Mən istəmərəm ki, indiki gənc bizim çəkdiyimiz çətinliyi çəksin.


Ən çox hansı yeməyi sevirsiniz?

Xəmir yeməklərini daha çox xoşlayıram. Göyçədə xəngəl deyirlər, onu çox sevirəm. Yaxşı da yemək bişirirəm. Azərbaycanda mənəm-mənəm deyən aşbazlar mənim bişirdiyim kimi dadlı yeməklər bişirə bilməzlər. Yaxşı bozartma, kabab, salatlar düzəldirəm.


Bəs bu yeməkləri bişirməyi harada öyrənmisiniz?

Komsomolun katibi olduğum vaxtlarda  vəziyyət elə idi ki, özüm-özümə qulluq etməli olmuşam, elə bütün yeməkləri bişirməyi də o vaxtlar öyrənmişəm. Günorta ya kartof qızardıb üstünə yumurta vurub yeyirdim ya da şorba bişirirdim. Sonra yavaş-yavaş "menu"mu inkişaf elətdirərək, yemək bişirməyi də öyrəndim.


Tələbəliyiniz necə keçib?

Tələbəlikdə bir az tənbəl olsam da normal tələbə idim. Hamı kimi kitabxanalara gedirdim, dərsimi oxuyurdum. Ancaq həmişə elmi kommunizim dərslərini, ilahiyyat dərslərini baykot eləmişəm. Girmirdim o dərslərə. Məni çağırırdılar dekanlığa ki, niyə dərslərə girmirsən. Deyirdim ki, bu mənim fikiridmdir. O vaxtlar həm də bir az dəcəl idim.


Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

Boş vaxtlarımda anama baş çəkirəm. Səhərlər isə qaçmaqla məşğul oluram.


Ən çox xoşbəxt olduğunuz an nə vaxtdır?

Ən çox xoşbəxt olduğum an fikirlərimi dediyim andır. Firkirlərimiz deməyəndə daxilən özümü yeyirəm. Hətta ölmək həddinə çatıram. Həqiqət hesab etdiklərimi deyəndə çox xoşbəxt oluram. Məsələn, mən teledebatda fikirlərimi deməsəm özümü çox bədbəxt insan hesab edərəm. Bəzən mənə deyirlər ki, sən çox açıq şəkildə danışırsan. Mənsə düşünürəm ki, açıq oynayan boksçu həmişə qalibdir.

Nə qədər pulunuzun olmasını istərdiniz?

Pul xoşbəxtlik gətirmir insana. Deyim ki, hər şey pulun başındadır, qətiyyən belə deyil. Məsələn dünya tarixinə baxın, Qəddafi, Hüsnü mübarək, milyonları vardı, amma bu pullar ona xoşbəxtlik gətirmədi. Pul xoşbəxtlik deyil, yaşanmaq üçün vasitədir. Pulgir deyiləm. Əgər pulgir olsaydım bizneslə məşğul olardım. Bunun üçün çox yaxşı əlaqələrim də var. Lakin mənə yaşamaq üçün müəyyən qədər pul oldu kifayət edir.

Hafiz Hacıyev üçün dost kimdir?

Gəlin baxaq. Dost varmı? Yaxına buraxdığın dost sənə çox vaxt xəyanət edir. Özünüzü dostunuzdan qoruyun. Düşməniniz bilirsiniz ki, sizə qarşıdır. Ancaq, dostun için bilmək olmur. Hər adamın işi deyil dostuna  axıra qədər sadiq olsun. Ancaq mən həmişə dostuma sadiqəm. Bu gün də həyatımı dostuma görə qurban verirəm. Onun kimliyin mən açıqlamayacam. Özünüz yaxşı bilirsiniz. Yaxşı dostsuz yaşamaq mümkün deyil. Mən nazir olanda o qədər insanlar dostum idi ki, ancaq sonra gördüm ki, bunlar yaltaqlıq imiş. Ümumiyyətlə mən həyatda dostu axıra qədər görə bilmirəm. Dostlar təmənnalı olur. Elə vaxt olub ki, yeməmişəm dostuma vermişəm. Amma, sonradan nə qədər böyük səhv etdiyimi anlamışam. Mən həmişə dostlarıma sadiq olsam da, dostlarımdan sadiqlik görməmişəm.

Sizi özünüzdən nə çıxara bilər?

Məni özümdən heç nə çıxara bilməz. Çünki, mən hər şeyi düşünərək edirəm. Bəzən özümdən çıxıram. Onu da düşünərək edirəm. Mənə çox vaxt Jrinoviski deyirlər. Ancaq bu belə deyil. Məni özümdən çıxaran çox planlar cızılır ancaq bunu bacarmırlar.  Sadəcə indiyə kimi bir dəfə olub ki, jurnalistə xoşagəlməz söz demişəm onun da əzabın çəkmişəm.

Sizi həyatda narazı salan nədir?

Haqsızlıq.

Əsəbləşərkən özünüzü necə sakitləşdirirsiniz?

Daxilən özümü yeyirəm. Çalışıram əsəbləşməyim.

Musiqi ilə aranız necədir?

Çox yüksək. Mənim babam Aşıq Ələsgərin şagirdi olub. Babam da zamanəsinin çox irəli getmiş aşığı olub. Ən çox sevdiyim aşıq musiqisidir. Daha çox Dədə Şəmsiyə qulaq asıram.

Sonda bizə arzu və fikirləriniz...

Sizə arzu edirəm ki, həmişə haqqın yanında olasınız. Çalışın ki,  haqqı deyən  insanlarla ünsiyyətdə olasınız. Nə qədər ki, əlinizdə imkan var, Azərbaycan həqiqətlərini dünyaya yayın. Bu böyük savabdır. Sizin kollektivə uğurlar arzu edirəm. Mən prezident seçilsəm də qapılarım sizin üzünüzə açıqdır. Həmişə sizinlə söhbət etməyə, müsahibə verməşə şad olaram.