DBX: "Heyvanlar arasında virus xəstəliyinə yoluxma halları azalır"

Xəstəlik qeydə alınmış rayonların sayı 42-dən 12-yə enib

Bakı, Sevil Zeynalqızı, İnteraz - 07 Oktyabr 2013, 16:21

"Heyvanlar arasında virus xəstəliyinə yoluxma halları getdikcə azalmaqda davam edir". Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin interazTv-yə verdiyi məlumata görə, iribuynuzlu heyvanlar arasında aparılan müalicə tədbirləri sayəsində bunyavirus ailəsinə məxsus şamonda, akabena, aina viruslarının qarışığından yaranan şmallenberq virus xəstəliyinə yoluxmanın sayı günbəgün azalmaqdadır. Hazırda 127 baş heyvanda simptomatik müalicə tədbirləri aparılır. Bu virus xəstəliyinə görə müalicə edilən bütün heyvanlar həyat fəaliyyətlərini və məhsulvermə qabiliyyətlərini bərpa ediblər: "Xəstəliyin yayıma arealında və rayonların sayında da ciddi azalma müşahidə edilir. Belə ki, xəstəlik qeydə alınmış rayonların sayı 42-dən 12-yə enib. Hazırda havaların sərinləşməsi xəstəliyin azalmasına, virus daşıyan qansoran həşəratların aktivliyinin zəifləməsinə gətirib çıxarıb. Xəstəlik başlayandan indiyədək 158 baş iribuynuzlu heyvanın tələf olması qeydə alınıb. Bu isə ümumi müalicəyə cəlb edilmiş heyvanların 0.06 faizini təşkil edir. Bir daha xatırladırıq ki, tələf olma hadisələri bu xəstəlikdən yox, yanaşı gedən, o cümlədən qan-parazitar və digər xəstəliklərdən baş verib. Tələf olan heyvanlar baytar həkimlərinin nəzarəti altında üzərinə xlorlu əhəng səpilərək basdırılır və ərazi dezinfeksiya edilir.

 

Xəstəlik başlayandan indiyədək 213 baş iribuynuzlu heyvanda balasalma qeydə alınıb. Balasalma hadisəsi baş vermiş təsərrüfatlar da baytarlıq-sanitariya tədbirləri həyata keçirilmiş, ərazi dezinfeksiya olunub.

 

Qeyd olunub ki, DBX vəziyyətə tam nəzarət edir, yeni yoluxan heyvanlarda müalicə, sağlam heyvanlarda çimizdirilmə, ərazidə isə dezinfeksiya tədbirləri aparır.