Sabirabadda oğurluq edən şəxsin saxlanılması daha altı cinayətin üstünü açıb

qeyd edək ki, cinayətkar ömrünün 19 ilini eyni maddə ilə həbsxanada keçirib

Bakı, Vüsal Nəbiyev, İnteraz - 07 Oktyabr 2013, 18:56

Sabirabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində rayon ərazisində mənzildən oğurluq etmiş Elxan Abbasovu saxlamaq mümkün olub. Araşdırma zamanı məlum olub ki, Elxan Abbasov ötən ilin oktyabr ayından başlayaraq rayon ərazisində yerləşən müxtəlif mənzillərə gizli yolla daxil olmaqla nəğd pul, qızıl-zinət əşyaları, bir ədəd kompüter dəsti, bir ədəd DVD player, bir ədəd bahalı mobil telefon, maaş, pensiya kartları və digər əşyalar ələ keçirib. O, nəğd pulları xərcləməklə yanaşı oğurladığı əşyaların da çox hissəsini sataraq pula çevirib. Araşdırma zamanı həmçinin o da məlum olub ki, cəmi 37 yaşlı olan Elxan Abbasov daha əvvəllər 4 dəfə məhkum olunmaqla ümumilikdə həyatının 19 ilini həbsxanada keçirib. Maraqlısı odur ki, Elxan Abbasova həmin cəzalar da elə oğurluq əməllərinə görə verilib. O zamanlar öz dili ilə desək dost-tanışlarıyla gəzib, dolaşa bilmək üçün başqasının malına göz dikirdisə bu dəfə ehtiyac üzündən bu yola əl atıb.

Oktyabrın 1-də, özünün doğum günündə oğurluq edərkən saxlanılan Elxan Abbasov barəsində onun üçün yad olmayan CM-nin 177-ci maddəsinin müxtəlif bəndləri üzrə cinayət işi açılıb. Onun digər oxşar əməllərdə iştirakının olub olmadığı araşdırılır.