Zöhrə Əliyeva: "Nuşirəvan bəy mədəni insandır, bilmirəm niyə belə kəskin fikir səsləndirib"

Nazirlik sözçüsü MTRŞ sədrinin ittihamına münasibət bildirib

Bakı, Alçina Amilqızı, Vüsal Nəbiyev, İnteraz - 08 Oktyabr 2013, 13:50

Azərbaycan Milli Televiziya və Radio Şurasınin sədri Nuşirəvan Məhərrəmli (MTRŞ) Mədəniyyət və Turizm Nazirliyini cizgi filmləri çəkməməkdə günahlandırıb. Onun dediyinə görə əgər nazirlik bilavasitə bu işlə məşğuldursa, iş ortaya qoysun. Mədəniyyət və Turizm Nazirliyin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva İnterazTv-yə açıqlamasında N. Məhərrəmlinin söylədiyi fikirlərlərə münasibət bildirib: ”Nuşirəvan bəyin sözlərində müəyyən qədər həqiqət var, o, mədəni insandır, bilmirəm niyə belə kəskin fikir səsləndirib. Əslində cizgi filmləri çəkmək sadə proses deyil, amma biz də boş oturmamışıq. Production-la işləyirik".

 

Nazirlik nəzdində 1989-cu ildən fəaliyyət göstərən Azanfilm studiyasinin gərgin iş rejimində olduğunu söyləyən Z.Əliyeva cizgi filmlərinin çəkilişində vəsait çatışmazlığı probleminin olmadığını vurğulayıb: “Qarşıda çox planlar var, ssenari axtarışındayıq. Cizgi filmləri çəkilməsinə vəsait də ayrılıb. Bunun üçün müsabiqələr də elan etmişik. Artıq Fariz Əhmədov bir neçə filmlər təqdim edib. İn Şa Allah buna zaman lazımdır”.

 

Z.Əliyeva son illər mütəxəssis qıtlığının hiss olunduğunu da istisna etməyib. Onun dediyinə görə, mütəxəssislərin xaricdə təhsil almaları üçün nazirlik mütəmadi treninqlər təşkil edir: “Yay mövsümündən yenicə çıxmışıq. Təqdim olunan ssenarilər təsdiq olunmalıdır ki, işə başlanılsın. Amma biz müntəzəm animasiya filmləri çəkirik”.

 

Mətbuat xidmətinin əməkdaşı son illər Azərbaycanda xarici cizgi filmlərinin yayımlanmasına üstünlük verilməsində nazirliyin gunahının olmamasını nəzərə çatdırıb. O, televiziya kanallarının Azanfilm studiyası ilə danışıqlar aparması və məhz studiyanın çəkdiyi filmləri yayımlamasının vacibliyini də diqqətə çəkib.