“Azəriqaz” səyyar “ASAN Kommunal” çərçivəsində Bilgəhdə xidmətlər göstərəcək

“ASAN xidmət”in fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 10:28

Bu ilin 8-29 dekabr tarixində Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bilgəh qəsəbəsində səyyar formada xidmətlər həyata keçiriləcək.

 

Bu barədə İnterAz-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib.

 

Xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək.

 

Vətəndaşlar bu çərçivədə itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə, 20 növ xidmətdən yararlana bilərlər.

 

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

“ASAN xidmət”in fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.