Bu gün Xanım Zeynəbin (s.ə) mövlud günüdür

Zeynəb ərəb dilində "atasının zinəti" deməkdir

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 12 Yanvar 2019, 09:34

Bu gün Həzrət Əli (ə.ə) və Xanım Fatimənin (s.ə) üçüncü övladları Xanım Zeynəbin (s.ə) mövlud günüdür.

 

İnterAz xəbər verir ki, Xanım Zeynəb (s.ə) hicrətin 6-cı ilində, cəmadiül-əvvəl ayının 5-də Mədinə şəhərində Peyğəmbər ailəsində, İmam Əli (ə) və Xanım Fatimeyi Zəhranın (s.ə) evində dünyaya gəlib.

 

Həzrət Zeynəb (s.ə) İmam Əlinin (ə) və Həzrət Fatimənin(s.ə) üçüncü övladı idi. Zeynəb ərəb dilində "atasının zinəti" deməkdir. Bu adı ona babası Həzrət Muhəmməd (s) qoyub. Xanım Zeynəb (s.ə) 5 yaşına qədər Peyğəmbərlə (s) bir dövrdə yaşayıb. Buna görə də bəzi alimlər onun səhabə olduğunu qeyd edirlər. Xanım Zeynəbin (s.ə) uşaqlıq və gənclik dövrü müqəddəs Əhli Beyt (ə) ailəsində keçib və yetkilnik yaşına çatdıqda O, İmam Əlinin (ə) qardaşı oğlu Abdullah ibn Cəfərlə ailə həyatı qurur.

 

Xanım Zeynəbi (s.ə) tanımaq üçün təkcə İmam Səccadın (s.ə) bir kəlamı bəs edir ki, O həzrət buyurur: "Kərbəlada bütün o müsibətlərə baxmayaraq, bibim Zeynəb hətta öz müstəhəb namazlarını da qılırdı, minacatlarını edirdi. Kərbəla müsibəti zamanı 7 qardaşının, qardaşı balalarının və eləcədə Bəni Haşim cavanlarının şəhid edilməsi və bütün məhrumiyyətlər, səfər yorğunluğu və yetimlərə nəvaziş onu bir an da Allahdan uzaq salmırdı". Bundan əlavə, Kərbəla qəhrəmanının ibadətindən xəbərdar olan İmam Hüseyn (ə.s) Xanıma buyurmuşdu: "Əziz bacım, qıldığın gecə namazlarında mənə dua etməyi unutma".

 

Kərbəla qəhrəmanı Xanım Zeynəbin mövludu münasibəti ilə hər birinizi təbrik edirik.