Azərbaycanda meşələrdən meyvə yığanlar cərimələnəcək

Meşədən yığılması qadağan olunanlar siyahısına dərman bitkiləri də əlavə olub: itburnu, çaytikanı, fıstıq toxumu və s. Bu növ bitkilərin yığılmasına görə 3-5 manat civarında cərimə nəzərdə tutulub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Fevral 2019, 17:17

Azərbaycanda meşələrdə bəzi meyvələrin yığılması qadağan edilir.

 

İnterAz xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” dəyişikliklərdə əksini tapıb.

 

Qanunun əhatəsi qadağa olan yerlərə aiddir. Belə ki, meşədə yığılan hər bir kiloqram alma, armud, və zoğala görə bir manat məbləğində cərimə tətbiq edilir.

 

Meşədən yığılması qadağan olunanlar siyahısına dərman bitkiləri də əlavə olub: itburnu, çaytikanı, fıstıq toxumu və s. Bu növ bitkilərin yığılmasına görə 3-5 manat civarında cərimə nəzərdə tutulub.

 

Dəyişikliyə əsasən, tökülmüş yarpaqları, meşə döşənəyi və qarğı yığan şəxslər cəzalandırılacaq.

 

Yeni qanunvericilikdə o da qeyd olunub ki, icazə olmadan meyvə ağaclarının məhsulunu yığan şəxslər həmin məhsulu geri qaytarmalıdır. Bildirilir ki, əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş  vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.