Ağsuda zəlzələnin fəsadları ilə əlaqədar 350 evə baxış keçirilib

Müraciətlərə əsasən daha çox zərər çəkən 47 evdən 44-ü sürüşmə zonasında yerləşir və bu evlər əvvəlcədən qəzalı olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Fevral 2019, 12:09

Fevralın 5-i gecə saatlarında baş verən zəlzələnin nəticələrinin araşdırılması və aradan qaldırılması istiqamətində tədbirlər Ağsu rayonunda da davam etdirilir.

 

İnterAz AZƏRTAC-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələrindən ibarət birgə komissiyaya bu günədək 485 müraciət daxil olub. Daxil olan müraciətlərə əsasən 91-i şəhər, 259-u kəndlər üzrə olmaqla, 350 evə baxış keçirilib.

 

Müraciətlərə əsasən daha çox zərər çəkən 47 evdən 44-ü sürüşmə zonasında yerləşir və bu evlər əvvəlcədən qəzalı olub.

 

Araşdırmalar davam edir.

 

Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.

 

Fevralın 6-da yerli vaxtla saat 02:34-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə - İsmayıllı rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib.

 

Daha bir yeraltı təkan yerli vaxtla saat 04:25-də Pirqulu stansiyasından 9 kilometr cənub-qərbdə İsmayıllı ərazisində 3,9 bal gücündə qeydə alınıb.