Bilgəhdə Xəzərin sahil zolağı plastik tullantılardan təmizlənib

İməcilikdə ETSN-in əməkdaşları, Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts, səfirliyin nümayəndələri və “Azərsun Holdinq” MMC-nin texniki heyəti iştirak edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Fevral 2019, 15:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Bilgəh çimərliyinin bir hissəsində dəniz sahilinin plastik tullantılardan təmizlənməsi və toplanaraq təkrar emala göndərilməsi məqsədilə iməcilik keçirilib.

 

İnterAz xəbər verir ki, iməcilikdə ETSN-in əməkdaşları, Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts, səfirliyin nümayəndələri və “Azərsun Holdinq” MMC-nin texniki heyəti iştirak edib.

 

Plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi və əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə keçirilən aksiyada 5 hektardan artıq sahil zolağı plastik tullantılardan təmizlənib və yenidən emal məqsədilə aidiyyəti üzrə daşınıb.

 

Nazirliyin sektor müdiri Mehman Nəbiyev bildirib ki, aksiyanın keçirilməsində məqsəd ətraf mühitə tullantıların atılmasının qarşısını almaq, həmçinin Xəzər dənizini plastik və digər tullantılarla çirklənmədən qorumaq və bu işə ictimaiyyəti cəlb etməklə töhfə verməyə çağırmaqdır.

 

M.Nəbiyev qeyd edib ki, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə “Tədbirlər Planı” qəbul olunduqdan sonra bütün maraqlı tərəflərin iştirakı ilə mərhələli şəkildə tədbirlərin icrasına başlayıb: “Plastik tullantılar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Gündəlik həyatımızda, məişətdə plastik məhsullardan istifadənin artması ətraf mühitə, təbiətə vurduğu ziyanı da artırmış olur. Bugünkü aksiyada toplanan tullantılar konteynerlər vasitəsilə təkrar emala göndəriləcək. Plastik tullantıların düzgün idarə edilməsi və çeşidlənməsi üçün ETSN-nin təşəbbüsü ilə 37 rayon və şəhərlərdə 153 ədəd xüsusi konteynerlər yerləşdirilib”.

 

Tullantıların yığılmasında iştirak edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib ki, bu, çox vacib addımdır: “Çünki yaxın zamanlarda okeanlarda balıqlardan çox plastik tullantıların olacağı gözlənilir. Odur ki, hər kəs bu tədbirdə iştirak etməlidir. Məqsədimiz plastik qablardan istifadənin azaldılması və yenidən emalıdır. İstehsalçılar da istehsal prosesində plastikdən az istifadə edə bilərlər. Britaniyada super marketlərində elə bölmələr var ki, plastikdən istifadə olunmayıb. Britaniyada mağazalarda polietilen torbaların istifadəsinə müəyyən məbləğ tətbiq olunur. Britaniyada plastik qabların emalı üçün xüsusi müəssisələr ərazilər var. Gələn həftə Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Emma Nikolsonun səfəri zamanı Britaniyanın plastiklə bağlı strategiyasını barədə Azərbaycan hökuməti ilə danışıqlar aparılacaq. Bu, Britaniya və Azərbaycanın birgə həyata keçirdikləri qlobal çağırış kampaniyasına bir töhfə olacaq”.

 

Qeyd edək ki, ölkə Prezidentinin “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamına uyğun olaraq ETSN tərəfindən plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə maarifləndirici aksiyalar keçirilir, təbliğat işləri davam etdirilir.