Bakıda 14 liftin əyləc dolağını oğurlayan keçmiş məhkum saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 18 Fevral 2019, 11:16

Bakıda liftin hissələrini oğurlayan keçmiş məhkum saxlanılıb. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, Səbail Rayon Polis İarəsinin 39-cu Polis Bölməsinə fevralın 14-də Nizami küçəsindəki binaların birindən liftin əyləc dolağının oğurlanması barədə müraciət daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. 

 

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər oğurluq və qəsdən sağlamlığa ağır zərər vurmaya görə məhkum olunmuş R.Əliyev olduğu müəyyən edilib.

 

Polis əməkdaşları tərəfindən onun digər analoji cinayət əməllərinin də üstü açılıb. Belə ki, R.Əliyevin cari ilin yanvar ayının 24-dən fevral ayının 12-dək olan müddətdə paytaxtın Azadlıq prospektində, S.Vurğun, Nizami və Ü.Hacıbəyov küçələrində yerləşən binalardan 13 liftin əyləc dolaqlarını oğurlaması da müəyyən edilib. 

 

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.