Kaliforniyada Xocalı soyqırımı ilə bağlı filmin nümayişi başlayıb

Sənədli filmin nümayişi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi, Şimali Kaliforniyada yaşayan soydaşımız Zərifə Musayevanın təşkilatçılığı ilə həyata keçirilir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Fevral 2019, 11:03

ABŞ-ın Kaliforniya ştatında Xocalı faciəsinin dəhşətlərindən bəhs edən sənədli filmin yerli telekanallarda nümayişinə başlanılıb. 

 

Bu barədə İnterAz-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. 

 

“Zülmətdən Qaçarkən” (Running from the Darkness) filmi 2017-ci ildə Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş və ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.

 

Sənədli filmin nümayişi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi, Şimali Kaliforniyada yaşayan soydaşımız Zərifə Musayevanın təşkilatçılığı ilə həyata keçirilir.

 

Əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulmuş bu filmin nümayişinə Şimali Kaliforniyanın San Fransisko, San Xose, Kampbel, Mauntin Vyu, Los Altos, Palo Alto, Menlo Park, Aterton və digər şəhərlərindəki yerli ictimai kanallarda start verilib və nümayiş bir il müddətində davam edəcəkdir. Sözügedən şəhərlər dünyanın yüksək texnologiyalar mərkəzi olan Silikon Vadisinə daxildir.

 

Eyni zamanda filmdə Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə yer verilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər işıqlandırılır.