Bu gecə Rəğaib gecəsidir

Həzrət Peyğəmbərdən (s) bu gecə üçün xüsusi əməllər nəql olunub

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 14 Mart 2019, 07:39

İslam təqvimində Rəcəb ayının ilk cümə gecəsi "Leylətül-rəğaib" adlanır.

 

İnterAz-ın məlumatına görə, bu gecənin bir çox fəzilət və üstünlüyü vardır. Həzrət Peyğəmbərdən (s) bu gecə üçün xüsusi əməllər nəql olunub. 

 

Həzrət Peyğəmbər (s) buyurur: ”Rəcəb ayının ilk cümə axşamı gününü unutmayın. Mələklər bu gecəni "Leylətül-rəğaib" deyə yad edir. Bu günün gecə yarısında göy və yerdə bir mələk belə qalmır, bütün mələklər Kəbə ətrafına toplanır".

 

Rəcəb ayının fəziləti bir sıra digər aylardan çoxdur. Rəcəbin ilk cümə gecəsi (bu il martın 14-dən 15-nə keçən gecə) "Leylətül-rəğaib" adlanır və bu cümə axşamı gününü oruc tutmaq, həmin gecə ibadətlə məşğul olmaq çox əhəmiyyətlidir.

 

İslamda Rəcəb ayı haram ayların ikincisidir. Bu ayda ibadət, dua, istiğfar, tövbə möminlərin imanını daha da kamilləşdirir, mömin olmayanların isə qəlbinə nüfuz edərək onların da iman nuru ilə tanış olması ilə nəticələnir.

 

Rəğaib gecəsinin əməlləri haqda deyilir: “Rəcəb ayının ilk cümə axşamı günü oruc tutulur.

 

Cümə gecəsinə daxil olduğun zaman şam və xiftən namazları arasında 12 rükət namaz qılmaq bəyənilmiş əməllərdəndir. Bu namazın hər 2 rükətini salamla bitir. Hər rükətdə 1 dəfə "Fatihə", 3 dəfə "Qədr" və 12 dəfə "İxlas" surələri oxunmalıdır. Namaz bitdikdən sonra 70 dəfə "Allahummə səlli əla Muhəmmədən-nəbi və əla alihi" deyilir. Sonra isə səcdəyə gedib 70 dəfə "Sübbuhu, quddusu, qəbbul məlaikəti vər-ruh" zikri deyilir. Daha sonra səcdədən qalxıb 70 dəfə "Rəbbi iğfirli vərhəm və təcavəz əmma təələm, innəkə əntəl Əliyyul Əzim" zikri oxunur. Yenidən səcdəyə gedərək 70 dəfə "Sübbuhu, quddusu, rəbbul məlaikəti vər-ruh" zikri deyildikdən sonra Allahdan diləklər istənilir, dualar edilir".