Bakıda ticarət mərkəzində yanğın olub

Hazırda ərazisə FHN-in canlı qüvvə və texnikası əraziyə cəlb olunub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Mart 2019, 09:50

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub. 

 

İnterAz xəbər verir ki, alov şiddətlənərək 8-ci kilometr bazarındakı bir neçə obyekti də bürüyüb.

 

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

 

*** 09:40

 

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğın güclənib. 

 

İnterAz xəbər verir ki, ticarət mərkəzi yararsız hala düşüb.

 

Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

 

*** 09:16

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət mərkəzində başlayan yanğınla bağlı məlumat yayıb. 

 

İnterAz-ın məlumatına görə, nazirlikdən bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.

 

Əlavə məlumat veriləcək.

 

*** 08:47

 

Bakının Nizami rayonu ərazisində yanğın hadisəsi baş verib.

 

İnterAz xəbər verir ki, yanğın paytaxtın 8-ci kilometr adlanan ərazisindəki "Diqlas" ticarət mərkəzində qeydə alınıb.

 

Hazırda əraziyə FHN-in canlı qüvvə və texnikası əraziyə cəlb olunub. Bina təxliyyə edilir.