Prezident keçmiş naziri rektor təyin edib

Prezident sərəncam imzalayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 03 Aprel 2019, 13:15

Prezident İlham Əliyev Heydər Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. 

 

İnterAz-ın məlumatına görə, sərəncamla Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

 

Qeyd edək ki, H.Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

 

1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

 

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

 

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışıb.

 

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

 

2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.

 

Ailəlidir. Üç övladı var.