Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Yanğını yoldan keçən hərbçilər söndürüblər...

Bakı, Aytən Əliyeva, İnteraz - 13 Aprel 2019, 09:54

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

İnterAz "Report"a istinadən xəbər verir ki, Ziya Bünyadov prospekti ilə hərəkətdə olan "Hündai Elantra" markalı avtomobil ("99-RX-128" dövlət qeydiyyat nişanlı) qarşıda gedən maşına dəyərək, idarəetmədən çıxıb və yol kənarındakı bordürə çırpılıb.

 

Nəticədə taksi fəaliyyəti ilə məşğul olan 25 yaşlı sürücü (ad və soyadı hələ ki, məlum deyil) hadisə yerində ölüb. Qəza zamanı maşında yanğın baş verib. Yanğını yoldan keçən hərbçilər söndürüblər.

 

Hadisə şahidlərinin sözlərinə görə, sürücü yuxulu olub və maşını yüksək sürətlə idarə edib.

 

Qəza zamanı "Hundai"dan başqa daha iki maşına ziyan dəyib.