Bakının mərkəzi küçəsində nəqliyyatın hərəkəti dəyişib

"Azneft" dairəsi kimi tanınan ərazi "Formula 1" Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar beton maneələr düzüldüyü üçün bağlanıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Aprel 2019, 15:14

Bakının mərkəzi küçəsində hərəkət üzrə dəyişiklik edilib.

 

Bu barədə İnterAz-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

 

Onun sözlərinə görə, "Azneft" dairəsi kimi tanınan ərazi "Formula 1" Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar beton maneələr düzüldüyü üçün bağlanıb.

 

İdarə rəisi bu istiqamətdə hərəkət edən sürücülərə müraciət edərək bildirib ki, tıxacla qarşılaşmamaq üçün alternativ yollardan istifadə etsinlər.

 

"Yaxşı olar ki, sürücülər Bayıl qəsəbəsi daxilindəki yollardan keçməklə Mikayıl Hüseynov, Teymur Elçin, Lermontov və həmin ərazi üzrə digər küçələrdən istifadə etsinlər. Eyni zamanda cənubdan gələn sürücülər isə Bakı - Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla paytaxta daxil ola bilərlər. Burada Yasamal rayonu ərazisi, Ziya Bünyadov və ərazilər üzrə hərəkət edə bilərlər. Cənub istiqamətində mərkəzdən hərəkət edən sürücülər də yaxşı olar ki, Cavanşir körpüsünə çatmamış Yusif Səfərov küçəsi ilə hərəkət edərək metronun Gənclik və ya Nərimov stansiyaları istiqamətində hərəkət etməyə üstünlük versinlər."