Xəzər rayonunda “Təmizlik ayı” çərçivəsində abadlıq işləri uğurla həyata keçirilir

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Təmizlik ayı” çərçivəsində iməciliklərin hər həftə rayonun bütün qəsəbələrində keçirilməsi nəzərdə tutulub...

Bakı, Aytən Əliyeva, İnteraz - 23 Aprel 2019, 15:50

Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi “Təmizlik ayı” çərçivəsində Xəzər rayonunda təmizlik-abadlıq işləri uğurla həyata keçirilməkdədir.

 

İnterAz-ın məlumatına görə, görülən işlər çərçivəsində Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisindəki zibil konteyneri rənglənib, ehtiyac duyulan konteynerlərində təmir-bərpa işləri görülüb.

 

Həmçinin aksiya çərçivəsində rayonun digər qəsəbələri ilə yanaşı Mərdəkan qəsəbəsində də təmizlik-abadlıq işləri həyata keçirilmişdir. Belə ki, Mərdəkan qəsəbəsi, Z.Tağıyev, 28 May və Şərq küçələrində təmizlik işləri aparılıb, alaq otları vurulub, qəsəbənin Nizami parkında yeni işıq dirəkləri basdırılıb, qəsəbənin mərkəzi küçəsi olan S.Yesenin küçəsində bir ədəd yeni müasir tipli dayanacaq quraşdırılıb, istirahət parkında mövsümi gül kolları əkilib, dəmir barmaqlıqlarda rənglənmə işləri aparılıb, yararsız hala düşən fasad daşları yenisi ilə əvəzlənib.

 

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Təmizlik ayı” çərçivəsində iməciliklərin hər həftə rayonun bütün qəsəbələrində keçirilməsi nəzərdə tutulub.