Bakıda “Qüds Günü və Qarabağ” mövzusunda tədbir keçirilib

AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova isə çıxışında müsəlmanların və zülmə, haqsızlığa boyun əyməyən bütün insanların Qüdsə yürüş etməli olduğunu dilə gətirib...

Bakı, Aytən Əliyeva, İnteraz - 30 May 2019, 13:39

“İslam dünyası öz problemlərini özü həll etməli və beynəlxalq təşkilatlara ümid bağlamamalıdır”.

 

İnterAz xəbər verir ki, bu fikirlər “Qüds Günü və Qarabağ” mövzusunda keçirilən tədbirdə səsləndirilib.

 

Tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

 

Ardınca tədbiri giriş nitqi ilə açan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Qarabağın işğalından danışıb. O, bildirib ki, Qüds və Qarabağ eyni dərdi və taleyi bölüşür. Çünki hər iki ərazi xristian dövlətləri tərəfindən işğala məruz qalan müsəlman ölkələrinə məxsusdur. Odur ki, həm Qarabağın, həm də Qüdsün azadlığı yalnız İslam dünyasının birliyindən keçir.

 

Ardınca tədbirdə çıxış edən Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani alim hacı İlham Əliyev münaqişələrin ciddiliyinə diqqət çəkib. O, bildirib ki, İslam dünyası məsələnin mahiyyətini düzgün dərk edib anlamalıdır. AİP-in sədr əvəzi bildirib ki, “Qüds Günü”-nun elan olunmasından 40 il ötüb. Qüds Günü əqidə və din mübarizəsidir. Ruhani alim əlavə edib ki, 40 ildən sonra düşmənin iç üzü açılıb. Bu gün düşmən əslində İslam dini ilə mübarizə apardığını etiraf edir. Bu mübarizə həm də Qarabağda aparılır. Çünki Qarabağ da müsəlman torpağıdır. Hacı İlham Əliyev əlavə edib ki, düşmənin hədəfləri öncədən dərk edilməli və mübarizə bu hədəflərə uyğun aparılmalıdır.

 

Tədbirdə söz alan AİP-in keçmiş sədri Hacı Hacıağa Nuri bildirib ki, İşğalçılarla bərabər, işğalı, zülmü dəstəkləyənlərə qarşı da ölüm şüarları səsləndirilməli və bu şüarlar gələcək nəsillərə çatdırılmalıdır. Hacıağa Nuri ATƏT və digər beynəlxalq təşkilatlara ümid bağlamağın gərəksiz olduğunu diqqətə çatdırıb.

 

Tədbirdə söz alan Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli bildirib ki, beynəlxalq təşkilatların Qarabağ adlı dərdi yoxdur. Qüds və Qarabağ müsəlman dünyasının dərdidir və bu problemlər milli birlik vasitəsi ilə həll edilməlidir.

 

DEVAMM sədri, ilahiyyatçı-filosof İlqar İbrahimoğlu da çıxışında İsrail rejiminin Fələstin torpaqlarının işğalı nəticəsində yarandığını dilə gətirib. O, bildirib ki, bu gün iqtisadi yanaşma ilə Fələstini vurmağa cəhd edirlər. Belə ki, işğalçı rejim “Yeni Fələstin” layihəsi yaratmağa çalışır. Bu layihə isə 6 milyon fələstinlinin öz doğma yurdlarına qayıtmaq hüququnu ləğv etməyə yönəlib.

 

Daha sonra tədbirdə çıxış edən AİP funksioneri, politoloq Akif Heydərli bildirib ki, hər bir müsəlman zülmə məruz qalan öz müsəlman qardaşına yardım etməlidir. Bu hədisin Peyğəmbərdən miras qaldığını xatırladan AİP funksioneri, müsəlman dünyasını müqavimətə səsləyib.

 

AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova isə çıxışında müsəlmanların və zülmə, haqsızlığa boyun əyməyən bütün insanların Qüdsə yürüş etməli olduğunu dilə gətirib. O, bildirib ki, heç bir dünya dövləti Qüds şəhərini işğalçı İsrailin paytaxtı kimi tanımır. Bu isə müqəddəs şəhərin işğala məruz qalmasının bariz nümunəsidir.

 

Tədbirdə digər çıxış edənlər də, mövzu ətrafında önəmli fikirlər səsləndiriblər.