Gürcüstanda Azərbaycandilli məktəbin yeni binası istifadəyə verilib

Gürcüstanın Marneuli rayonunda 1 saylı Azərbaycandilli ictimai məktəb üçün inşa olunan yeni bina istifadəyə verilib...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 Sentyabr 2019, 09:38

Gürcüstanın Marneuli rayonunda 1 saylı Azərbaycandilli ictimai məktəb üçün inşa olunan yeni bina istifadəyə verilib.

 

İnterAz "Report"a istinadən xəbər verir ki, bu gün təhsil müəssisəsinin açılış mərasimi keçirilib.

 

150 şagird üçün nəzərdə tutulan ikimərtəbəli müasir məktəb binasının inşasına dövlət büdcəsindən 1 mln. laridən çox (337 min dollardan artıq) vəsait xərclənib.

 

Yeni məktəb binasının açılış mərasimində Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru Şota Rexviaşvili, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Levan Xaratişvili, Marneuli rayonunun icra başçısı Zaur Darğallı, parlament üzvü Ruslan Hacıyev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Qeyd edək ki, Marneulidə "taxta məktəb" adlandırılan 1 saylı məktəbin binası yararsız vəziyyətdə olduğundan 2016-cı ilin aprelində sökülüb. Son illər təhsil müəssisəsinin şagirdləri Marneulinin 8 saylı məktəbində təhsil alıblar.