Bu gündən İslamda müqəddəs sayılan üç aydan biri - Şaban ayı başlayır

Şaban ayı Rəcəb və Ramazan ayları ilə birlikdə İslamda mübarək və müqəddəs sayılan üç aydan biridir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Mart 2020, 00:00

Bu gündən İslamda müqəddəs sayılan üç aydan biri olan Şaban ayı başlayır.

 

İnterAz xəbər verir ki, Şaban ayı Rəcəb və Ramazan ayları ilə birlikdə İslamda mübarək və müqəddəs sayılan üç aydan biridir. 

 

Şaban ayı mübarək Ramazan ayına son hazırlıq fürsəti sayılır. Hədis və rəvayətlərdə Peyğəmbər (s) ayı adlanan şabanda bir sıra ibadətlər tövsiyə olunub. Onlardan başlıcası orucdur. Həzrət İslam peyğəmbəri (s) özü bütün ayı oruc tutar, başqalarını da ən azı bir gün oruc tutmağa dəvət edərdi. Şaban ayını sədəqə verməklə, Allahdan əfv diləməklə və salavat zikr etməklə keçirmək əsas tövsiyələrdəndir.

 

Bu ayın ortaları “əyyami-beyz” sayılır. Lakin, 15-ci gecə (Nimeyi-şaban) xüsusi fəzilətə malikdir ki, həmin gecəni əhya saxlamaq tövsiyə olunur. 

 

Bu ayın əlamətdar günlərinə gəlincə, Şabanın 3-ü İmam Hüseynin (ə), 4-ü Həzrət Abbasın, 5-i İmam Zeynül-abidinin (ə), 11-i Həzrət Əli Əkbərin (ə), 15-i isə İmam Mehdinin (ə) mübarək mövlud günləridir. Şaban ayının 10-da Həzrət Peyğəmbərin (s) qızı Ümmi-Gülsüm vəfat edib.